Baxmut fiaskosunun bədəli: "Vaqner" və Priqojin yola salınır...

DÜNYA
20:07 / 03.05.2023
894

14 aydan çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi hər iki tərəfi xeyli yorub.

Son zamanlarda isə Rusiya hərbçiləri ilə bağlı maraqlı faktlar ortaya çıxır. Aylardır əməliyyatlar keçirməyinə rəğmən Baxmutu nəzarətə götürməyi bacarmayan Rusiya ordusunda işlər yolunda getmir. Belə ki, Baxmutda döyüşən "Vaqner" muzdlu ordusu ilə Rusiyanın Müdafiə Nazirliyi arasında gərginlik yaşanıb. "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yengeni Priqojin müdafiə naziri Segey Şoyquya etiraz məktubu göndərib. O, silahla təmin olunmamalarından gileylənib. Priqojin Müdafiə Nazirliyinin onlara lazımi silah-sursat göndərməyəcəyi təqdirdə Baxmutdan çıxacaqlarını deməsi isə gündəm olub. Üstəlik, bütün bu proseslər yaşayarkən Ukrayna ordusunun son günlərdə Baxmutun bir neçə kəndini işğaldan azad etdiyini də qeyd etmək lazımdır. "Vaqner" ordusunun hərbi texnika cəhətdən yaşadığı problemlər onların geri çəkilməyinə səbəb olur.

Bəs nə baş verir?

Aylardır Rusiya ordusunun Baxmutun bütün strateji yerlərini işğal etməsinə rəğmən şəhəri ələ keçirə bilməməsi bir çox şeydən xəbər verirdi. Hava şəraitinin də döyüş meydanına gətirdiyi problemləri nəzərə alanda Ukrayna ordusunun ciddi müqaviməti olmadığını deyə bilərik. Amma Rusiyadan fərqli olaraq, ötən zaman Ukraynanın işinə yaradı və güclənməsinə səbəb oldu. Belə ki, başda ABŞ olmaqla, Qərbdən yeni hərbi texnikalar alan Ukrayna ordusu əks-hücum əməliyyatlarının hazırlığına başladı. Havaların isinməsi ilə birlikdə rusların döyüş meydanındakı üstünlüyü də itməyə başladı. Yəni Baxmutdakı əməliyyatların uzanması Ukraynaya əlavə vaxt qazandırdı. Həmin müddət ərzində rusların diqqəti sadəcə Baxmuta yönəldi və güclərini orada istifadə etmək məcburiyyətində qaldılar.

Rusiya ciddi itki verdi

Onu da qeyd etmək lazımdır ki, Rusiya Baxmutda çox ciddi itkilər verdi. Təkcə ölən hərbçilərin sayının 100 min olduğu deyilir. Bu çox fantastik rəqəm kimi görünsə də, açıqlama Ağ Evdən gəlib. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbinin sözlərinə görə, Rusiyanın dekabr ayında Baxmut istiqamətində gedən döyüşlərdə 100 min hərbçisi həlak olub.

Əslində Yevgeni Priqojin özü də ABŞ-ın açıqlamasını təsdiqləyir. O, ermənipərəst hərbi jurnalist Semyon Peqova verdiyi müsahibədə bildirib ki, hər gün üst-üstə yığılan minlərlə cəsədi tabutlara qoyaraq evlərinə göndərirlər. Priqojin hərbi-texniki imkanlarının çatışmazlığı səbəbindən itkilərinin normaldan 5 dəfə çox olduğunu da etiraf edib. O, Rusiya ordusunda ciddi nizam-intizam problemi olduğunu və dəstək verilməsə Baxmutu tərk etməyə məcbur qalacaqlarını da söyləyib. Priqojinin açıqlamalarında ən diqqət çəkən nümaslardan biri isə Ukrayna ordusunun 15 maya qədər əks-hücumunu gözlədiklərini deməsi olub.

"Vaqner" və Priqojin yola salınır

Görünən odur ki, güclənən Ukrayna ordusu qarşısında çarəsiz vəziyyətdə qalan Rusiya artıq geri çəkilməyə başlamağa hazırlaşır. Onsuz da İran və Şimali Koreya kimi ölkələrdən hərbi texnikalar almağa başladıqdan sonra Rusiyanın arsenalında qalan köhnə silahların da sıradan çıxdığı məlum olmuşdu. Ardınca gələn uğursuz nəticələr və böyük itkilər isə müharibəni fərqli müstəviyə aparacaq kimi görünür.

Son yayılan xəbərlərə görə, Rusiya Prezidenti Vladimir Putin də Baxmutdakı uğursuzluqdan çox narazı qalıb. Putinin "Vaqner"i Rusiya ordusunun bölmələri ilə əvəz edəcəyi iddia olunmağa başlayıb. Bu isə Yevgeni Priqojinin layihəsinin iflasa uğraması deməkdir. Ukrayna müharibəsi Kremlin bir çox planını puça çıxarıb və hərbi sahədəki önəmli şəxslər vəzifəsini itirib. Hazırkı gedişat isə "Vaqner" və Yevgeni Priqojin üçün yaxşı heç nə vəd etmir...

Pərviz

0