İsveç Türkiyəyə görə terrorizmə qarşı qanunvericiliyi sərtləşdirir

DÜNYA
12:10 / 04.05.2023
498

Çərşənbə günü İsveç millət vəkilləri ölkənin terrorizmə qarşı mübarizə qanunvericiyiliyini sərtləşdirən qanun layihəsini qəbul ediblər. Bu, Türkiyəni şimal ölkəsinin NATO-ya üzvlüyünü təsdiqləməyə inandırmağa kömək edəcək.

HİT.az AP-ya istinadən xəbər verir ki, dəyişikliklər ekstremist təşkilatda həmin qrupa kömək etmək, gücləndirmək və ya dəstəkləmək məqsədi ilə üzv olmaqda təqsirli bilinən şəxslərin 4 ilədək həbs cəzasını nəzərdə tutur. Lakin cinayət ağır hesab edilərsə, cəza 8 ilə qədər artırıla bilər.

Qanunvericilik terror təşkilatının lideri olduğu aşkarlanan şəxsə ömürlük həbs icazəsi verir ki, bu da İsveçdə ümumiyyətlə minimum 20-25 il həbs deməkdir.

47 millət vəkilinin iştirakı olmadan 34 əleyhinə 268 səslə qəbul edilən qanun layihəsi terror təşkilatını maliyyələşdirməyi, cəlb etməyi və ya açıq şəkildə təşviq etməyi və ya belə bir qruplaşmaya qoşulmaq niyyəti ilə xaricə səyahət etməyi qanunsuz edəcək.
Dəyişikliklər iyunun 1-dən qüvvəyə minməlidir.

Türkiyə İsveçi Ankaranın terror təşkilatları kimi təsnif etdiyi və ya kürd qrupları da daxil olmaqla ekzistensial təhlükələr hesab etdiyi qruplarla mübarizə üçün konkret addımlar atmamaqda ittiham edib.

İsveçin sağ mərkəzçi hökuməti təkcə Türkiyədə qadağan edilmiş Kürd fəhlə partiyasına (PKK) qarşı deyil, həm də Suriya kürdlərinin hərbiləşmiş qruplaşması YPG və onun siyasi qolu PYD-yə qarşı daha sərt mövqe tutub. Türkiyə YPG-ni onilliklərdir Türkiyədə terrorla məşqul olan PKK-nın Suriya qolu hesab edir.

İsveçin xarici işlər naziri Tobias Billström PKK ilə YPG/PYD arasında sıx əlaqələrin olduğunu və buna görə də İsveçin Türkiyə ilə münasibətlərinə xələl gətirməmək üçün Suriyalı qruplarla "məsafə saxlayacağını" bildirib.

Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Rusiyanın Ukraynaya təcavüzündən sonra neytrallıqdan imtina edərək, NATO-ya üzv olmaq üçün birgə müraciət ediblər.

Apreldə Finlandiya Alyansın 31-ci üzvü olub, lakin Türkiyə və Macarıstanın mövqeyi İsveçin müraciətinə baxılmasını ləngidir. NATO yeni üzvləri qəbul etmək üçün yekdil razılıq tələb edir.

Samir

0