"Vaqner" və Rusiya ordusu arasında nə baş verir? - "Priqojin sonunu gətirə bilər"

DÜNYA
17:33 / 11.05.2023
544

"Vaqner" özəl hərbi şirkəti hər gün Baxmutdan çəkilməyə davam edir.

Son məlumatlara görə, artıq Ukrayna Silahlı Qüvvələri Baxmutda 3 kilometrdən çox ərazini işğaldan azad ediblər. Hətta çox sayda əsir düşən rus hərbçilərinin olduğu da bildirilir.

Ümumiyyətlə, son zamanlarda "Vaqner" və Rusiya Müdafiə Nazirliyi arasında ciddi gərginlik yaşanır. Belə ki, "Vaqner"in rəhbəri Yengeni Priqojin son günlərdə bir neçə dəfə müdafiə naziri Sergey Şoyqu və Prezident Vladimir Putinə müraciət edərək, silahla təmin olunmadıqlarını deyərək etiraz etmişdi. 

Maraqlıdır, Rusiyanın siyasi və hərbi elitasında əslində nə baş verir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən Turan Rzayev bildirib ki, "Vaqner"in Baxmutdan geri çəkiləcəyi bəlli idi:

"Hətta onların rəhbəri Yengeni Priqojin özü də bu istiqamətdə bəyanat vermişdi. O, sonuncu video çıxışında Rusiyanın müdafiə naziri Sergey Şoyqununu və müavinini açıq şəkildə tənqid etmişdi. Aydın məsələdir ki, bu gün Rusiyanın siyasi və hərbi elitaları arasında fikir ayrılıqları, hətta qarşıdurmalar yaranıb. Yəni müharibənin uzanması, itkilərin artması və iqtisadiyyatın zəifləməsi daxildə fikir ayrılıqları yaradıb. Bu gün Rusiya elitasında Ukraynadakı müharibənin bitirilməsinə və ya davam etdirilməsinə dair iki fərqli yanaşma var. 

"Vaqner" isə özəl şirkətdir. Priqojin də vaxtilə Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə müxtəlif şirkətlər açıb və bugünkü "Vaqner"in əsasını qoyub. Amma bugünkü Ukrayna müharibəsində Putin Priqojini ön cəbhəyə sürüb. Hazırda da müharibənin ən isti ocaqlarından olan Baxmutda döyüşlər davam edir. Əslində "Vaqner" çox ciddi itkilərlə üzləşib. Həmçinin, Priqojin bugünə qədər qazandığından qat-qat artığını xərcləyib. Bu isə istər-istəməz ona pulları qazandıran Putinlə arasını açıb".

Politoloq vurğulayıb ki, hazırda hakimiyyətlə "Vaqner" arasında ciddi fikir ayrılığı yaranıb:

"Artıq Rusiyanın siyasi və hərbi elitasındakı fikir ayrılıqlarına Yevgeni Priqojin özü də qoşulub. Faktiki olaraq, "Vaqner" hərbi birləşməsi Rusiyanın təlimatlarından kənara çıxaraq Baxmutu tərk edir. Bu isə Kreml üçün ciddi bir problemdir. Bu problemin özü belə daxildəki çəkişmələrin necə ciddi olduğunu göstərir. Artıq bu, fikir ayrılığında doğan siyasi böhrandır. Mövcud qarşıdurma konteksində də Priqojin özü də zərər görür və pullarını itirir. Hətta Priqojin gələcəkdə özünün də sonunu gətirə bilər. Çünki o, kifayət qədər çox şey bilir. Adətən bu tip itkilərə məruz qalanlar bütün sirləri ortaya çıxarır. Yəqin ki, Putin də bunun qarşısını almağa çalışacaq".

Pərviz

0