Çin Tayvana müdaxilə edəcək?

19:36 / 12.05.2023
756

Uzun müddətdir ki, Çinin Tayvana müdaxilə edəcəyi ilə bağlı iddialar səngimir. Daha dəqiq desək, Çin tərəfindən Tayvanın işğal edilə biləcəyi vurğulanır. Xüsusilə bununla bağlı ABŞ tərəfindən həyəcan təbili çalınır.

Rəsmi Vaşinqton açıq şəkildə belə bir təhdidin olduğunu hər fürsətdə bəyan edir. Lakin ABŞ hər nə olur-olsun buna icazə verməyəcəyini və bütün gücü ilə Tayvanın yanında olacağını da xüsusi vurğulayır.

Bəs bu problem necə meydana gəldi?

Tarixə nəzər salıb sizi çox yormaq istəmirəm. Amma bu faktdır ki, Tayvan adası zamanında Çindən ayrılaraq müstəqilliyini elan edib. Hətta onlar, özlərini "əsl Çin Respublikası" adlandırırlar. Buna rəğmən, rəsmi Pekin heç zaman bunu qəbul edə bilməyib və bir gün yenidən birləşməyi hədəf seçib. Si Cinpinin prezidentliyi dövründə isə bu hədəf ən yüksək şəkildə səsləndirilməyə başlandı. Onun bu ilin mart ayında üçüncü dəfə prezident seçilməsi ilə bunu reallaşdırmaq vədi verdi. Bütün bunlar isə Tayvanın və Vaşinqtonun sərt reaksiyalarına səbəb oldu. Son zamanlarda ABŞ-ın bölgədə hərbi təlimlər keçirməsi, hərbi gəmilərini Çinin sərhəddinə qədər göndərməsi vəziyyətin gərginləşməsinə cavab olub. Əlbəttə ki, buna adekvat olaraq Çin də genişmiqyaslı hərbi təlimlər keçirib və hətta Tayvanın işğalını sınaqdan keçirib. Bütün bunların fonunda isə sözügedən bölgə tarixin ən böyük müharibə riski ilə üz-üzə qalıb. Çünki Çinin Tayvana qarşı hansısa bir müdaxilə edəcəyi təqdirdə ABŞ-ın mütləq şəkildə cavab verəcəyi gözlənilir.

Tayvanda Ukrayna ssenarisi təkrarlana bilərmi?

Ən çox qorxulan ssenarilərin başında isə Ukraynada yaşananların Tayvanda da təkrarlanmasıdır. Yəni ən pis variant olaraq Çin ordusu Tayvana daxil olacağı, amma ABŞ Ukraynadakı kimi passiv mövqedə qalacağı göstərilir. Bu olacağı təqdirdə isə Tayvan da Ukrayna kimi müharibə meydanına çevriləcək, yüzminlərlə insan həyatını itirəcək, şəhərlər xəritədən silinəcək... Amma bənzər ssenarinin baş vermə ehtimalı zəif qiymətləndirilir. Konkret olaraq, ABŞ-ın Ukraynada etdiyi səhvi Tayvanda da etməsi ağlabatan deyil. Nəzərə almaq lazımdır ki, Rusiyanın başında nüvə silahından istifadəni istisna etməyən və hətta dünyanı bununla hədələyən Vladimir Putin var. Çinin prezidenti isə hər nə qədər diktator adlandırılsa da, nüvə silahına əl atacaq qədər radikal qərar verəcək biri olmadığı bilinir. Düzdür, Si Cinpin kifayət qədər sərt bir liderdir, amma ABŞ-la müharibə edib, nüvə silahından istifadə edəcəyi inandırıcı deyil.

Hazırda söz savaşlarının getdiyini görürük. İki tərəfində də dünyanın ən güclü ordularına, iqtisadiyyatına sahib olduğunu, habelə nüvə silahına malik olmalarını gözardı etmək olmaz. Üstəlik, dünya iqtisadiyyatının əsas ölkələrindən olan Çinin təcrid olunmaq və beynəlxalq sankiyalara məruz qalmaq yolunu seçəcəyi də gözlənilmir. Rusiya və Çinin dünyadakı bəzi mövqelərinin fərqli olması bu cəhətdən bir bənzərlik vəd etmir.

Bəs nə baş verə bilər?

Hərbi ekspertlər hesab edirlər ki, Tayvan ətrafında sadəcə lokal hərbi toqquşma yaşa bilər. Bunun isə genişmiqyaslı əməliyyatlara və ya müharibəyə çevrilmə ehtimalının çox aşağı olduğu vurğulanır. Yəni Çin haçansa Tayvanı ələ keçirmək üçün cəhd edə bilər. Amma bu cəhdində uğurlu olacağı proqnozlaşdırılmır. Bir faktı da unutmayaq ki, hətta Çin rəsmiləri belə Tayvanı ələ keçirmək planlarından danışarkən 5-6 il sonranı işarə edirlər. Bu isə o deməkdir ki, üçüncü dönəminə hələ yeni seçilən Si Cinpin hakimiyyətini riskə atacaq addımlardan çəkinəcək. Sadəcə üçüncü dönəminin sonlarında bu addımı ata bilər. Amma o zamanda dünyakı geosiyasi konfiqurasiyanın və güc nisbətinin necə olacağını indidən demək mümkün deyil. Reallıq budur ki, yaxın tarixdə nə Çinin Tayvana hücum edəcəyi, nə də orada müharibə baş verməsi gözlənilmir.

Pərviz

0