Almaniyada Çinin məxfi polisi fəaliyyət göstərir - QALMAQAL

DÜNYA
11:45 / 16.05.2023
432

Almaniyada Çin Xalq Respublikasından gələn mühacirləri izləyən qeyri-qanuni Çin polis məntəqələri fəaliyyətini davam etdirir.

HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, Berlin bu problemi həll etmək üçün 2022-ci ilin noyabr ayından Pekinlə danışıqlar aparır, lakin Çin qeyri-qanuni polis məntəqələrinin fəaliyyətini inkar edir. Əvəzində onlar ÇXR-in bağlamağa söz verdiyi xüsusi texniki xidmət stansiyalarının fəaliyyət göstərdiyini iddia edirlər.

Xarici İşlər Nazirliyinin nümayəndəsi Maksimilian Kall bildirib ki, Almaniyada fəaliyyətinə yerli hakimiyyət orqanları tərəfindən nəzarət edilən ən azı iki mobil polis məntəqəsi fəaliyyətini davam etdirir.

"Təhlükəsizlik orqanları Almaniyadakı xarici ölkələrin digər fəaliyyətləri kimi, bu fəaliyyəti də yaxından izləyir. Bu, xüsusən də bu xarici polis məntəqələrinə aiddir. Bunlar adətən stasionar deyil, mobil ofislərdir", deyə məlumatda qeyd edilir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Andrea Zasse əlavə edib ki, Almaniya ABŞ və bəzi Avropa ölkələri ilə Çin hakimiyyətinin başqa ölkənin ərazisindəki fəaliyyətinə konkret olaraq necə baxılması ilə bağlı əməkdaşlıq edir. Çinin Almaniyadakı səfirliyi də bu qalmaqala münasibət bildirib.

"Çin hökuməti həmişə beynəlxalq hüquq normalarına riayət edib və bütün ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmətlə yanaşıb. Çinin Almaniyadakı səfirliyi bu faktları və bizim mövqeyimizi Almaniyanın müvafiq orqanlarına dəfələrlə bəyan edib. Yalnız Almaniya tərəfinin bu məsələyə obyektiv olaraq münasibət bildirəcəyini gözləmək olar", deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, 2023-cü ilin aprelində Nyu Yorkda gizli Çin polis bölməsini idarə etdiyi iddia edilən iki nəfər həbs olunub. Daha sonra FTB Çini ABŞ-a qaçan dissidentləri təqib etməkdə ittiham edib.

Avropanın insan haqları təşkilatı "Safeguard Defenders" iddia edir ki, Nyu York və Los-Anceles də daxil olmaqla dünyanın böyük şəhərlərində onlarla Çin gizli polis məntəqəsi yerləşdirilib.

Samir

0