Rusiya Ukraynada məğlubiyyətə doğru gedir?

DÜNYA
12:05 / 16.05.2023
1088

Rusiyanın Ukraynadakı itkiləri durmadan artmaqdadır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, Rusiya müharibədə indiyə kimi 200 min itki verib. Ukrayna Prezidenti Vladimir Zelenskinin son günlərdə Avropa liderləri ilə görüşməsi də diqqət çəkdi. Belə ki, Zelenski Avropada keçirdiyi görüşlərdə yeni silahların tədarükü ilə bağlı ciddi razılaşmalar əldə etdi. Bütün bunların fonunda, Ukrayna Silahlı Qüvvələrinin yaxın zamanda əks-hücum əməliyyatına başlayacağı da gözlənilir.

Maraqlıdır, Rusiya müharibədə məğlubiyyətə doğru gedir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən Turan Rzayev bildirib ki, Ukrayna bir müddətdir əks hücuma hazırlaşır:

"Bu artıq bilinən xəbərdir. Bu istiqamətdə qərbli müttəfiqlərindən silah-sursat yardımı da edilir. Hətta keçmiş NATO komandanlarının bu hücumu hazırladığına dair məlumatlar da var. Ukraynanı əks-hücuma həvəsləndirən bir digər faktor da şübhəsiz Rusiyanın Ukraynadakı itkilərinin 200 mini ötməsidir. İtkilərin sayının hər gün artması texnikaların sıradan çıxması və bir sıra mövqelərin itirilməsi, Rusiya ordusundakı nizamsızlıq, döyüş əzminin qırılması və əlbəttə ki, həvəssizlik ilə bağlıdır. Lakin ən önəmli faktor hesab edirəm ki, Rusiya siyasi və hərbi elitasında qütbləşmənin getməsi ilə bağlıdır".

Politoloq vurğulayıb ki, müharibənin uzanması və itkilərin sayının çox olması Rusiya cəmiyyətində olduğu kimi elitasında da fikir ayrılıqlarına səbəb olur:

"Müharibəyə davam etmək istəyənlərlə istəməyənlər arasında fikir ayrılığı müşahidə olunur. Rusiya Prezidenti Vladimir Putin nə qədər çalışsa da əvvəlki kimi insanları müharibəyə cəlb edə bilmir. Bu da azmış kimi federal subyektlərin bəzilərində etnik narazılıqlar da yaranıb. Tatarıstan, Başqırdıstan, Dağıstan, hətta Çeçenistanda da bu narazılıq görünür".

Turan Rzayev hesab edir ki, bütün bu faktorlar Rusiyanı Ukrayna müharibəsində irəliləməsinə mane olur:

"Ukraynanın başladacağı əks-hücumun Rusiya ordusunu məğlubiyyətə uğratmasına barədə də deyə bilərəm ki, bu tam bir qələbə olmasa da Kremlin bir sıra regionlardan geri çəkilməsinə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Ukrayna heç də kiçik bir ölkə deyil və döyüşlərin getdiyi ərazi də genişdir. Ukrayna əks-hücuma başlasa da bu bütün cəbhələrdə ola bilməz. Bu baxımdan Kremlin bu tezlikdə tam məğlub olmasını gözləmək əbəsdir. Lakin rus ordusun içərisində olduğu vəziyyətdən istifadə edib mühüm strateji və taktiki nailiyyətlər əldə etmək olar".

Pərviz

0