Böyük Britaniya və Almaniyanın müdafiə nazirləri Kiyev administrasiyasına təyyarələrin çatdırılması ilə bağlı yekun qərarın ABŞ-da olduğunu bildiriblər.
HİT.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İngiltərə və Almaniya Ukraynanın Rusiyaya qarşı döyüşməsi üçün yaxın vaxtlarda Kiyevə döyüş təyyarələri tədarük etməyəcəklərini və F-16 qırıcılarının Kiyevə mümkün təhvil verilməsi ilə bağlı yekun qərarın ABŞ-ın olduğunu bəyan ediblər.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Almaniyanın müdafiə naziri Boris Pistorius ilə Berlində keçirdiyi mətbuat konfransında hər iki ölkənin Ukraynaya hərbi dəstək verməklə bağlı sıx əməkdaşlığı davam etdirmək istədiyini bildirib.
Ukrayna aylardır Rusiyaya qarşı müharibədə xüsusi olaraq ABŞ istehsalı olan F-16 qırıcıları tələb etdiyi halda, Böyük Britaniyanın müdafiə naziri Uolles döyüş təyyarələri göndərmək üçün beynəlxalq planlar barədə suala cavab verib ki, Londonda heç bir döyüş təyyarəsi yoxdur.
İngiltərə ordusunun inventarında olan döyüş təyyarələrinin Ukraynaya uyğun olmadığını bildirən Uolles ölkəsinin Kiyevə döyüş təyyarələri tədarükündəki rolunun təlim, koordinasiya və logistika ilə məhdudlaşacağını vurğulayıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, onların, İngiltərə və Hollandiyanın Ukraynaya təlimdən tutmuş F-16 təyyarələrinin tədarükünə qədər hər şeydə dəstək verəcək “beynəlxalq koalisiyanın” yaradılmasına fəal töhfə vermək üçün təlim imkanları və hərbi texnikası yoxdur.
"Biz belə bir ittifaqda, belə bir koalisiyada fəal rol oynaya bilmərik, çünki bizim nə təlim imkanlarımız, nə mandatımız, nə də təyyarəmiz var", deyə Pistorius bildirib.
Alman ordusunun inventarında olan döyüş təyyarələrinin Ukraynada istifadəyə uyğun olmadığını bildirən Pistorius, Kiyevin tank və hava hücumundan müdafiə kimi digər səlahiyyətlərlə dəstəkləndiyini vurğulayıb.
Samir