NATO iyulda Vilnüsdə keçiriləcək sammitində gələcəyə doğru addım atacaq. Liderlər Soyuq Müharibədən sonra ilk dəfə Alyansın Rusiyanın hücumuna necə cavab verəcəyini təfərrüatlandıran minlərlə səhifəlik gizli hərbi planları təsdiqləməlidir.
HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bu addım fundamental dəyişikliyi ifadə edir: Alyans Əfqanıstan və İraqda kiçik müharibələr apardığı və postsovet Rusiyasının artıq ekzistensial təhlükə yaratmadığını hiss etdiyi üçün onilliklər ərzində genişmiqyaslı müdafiə planları hazırlamağa ehtiyac görməyib.
Amma Ukraynada 1945-ci ildən bəri Avropanın ən qanlı müharibəsi getdiyi bir vaxtda, NATO indi xəbərdarlıq edir ki, Moskva kimi bərabərhüquqlu rəqiblə münaqişənin başlamasından çox əvvəl bütün lazımi planları həyata keçirməlidir.
NATO-nun yüksək səviyyəli hərbi rəsmilərindən olan admiral Rob Bauer bununla bağlı açıqlamasında "Böhran idarəçiliyi ilə kollektiv müdafiə arasındakı əsas fərq budur: şərtləri biz deyil, rəqibimiz müəyyən edir. Biz hər an münaqişənin yarana biləcəyinə hazır olmalıyıq", deyib.
Alyansın regional planları adlandırdığı şeyləri açıqlayan NATO, həmçinin ölkələrə qüvvələrini və maddi-texniki təchizatını necə modernləşdirməklə bağlı tövsiyələr verəcək.
NATO baş katibi Yens Stoltenberq Soyuq Müharibə dövründə olduğu kimi açıqlanacaq çox məxfi sənədlərlə bağlı deyib: “Müttəfiqlər hansı qüvvə və vasitələrin lazım olduğunu, o cümlədən onları harada və necə yerləşdirmək lazım olduğunu dəqiq biləcəklər”.
Samir