BMT bu ölkə üçün 333 milyon dollar yardım istədi

DÜNYA
19:52 / 23.05.2023
390

Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmada Moça qasırğasından zərər çəkən 1,6 milyon insan üçün 333 milyon dollar məbləğində yardım üçün təcili müraciət edib.

HİT.az xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisindən (OCHA) verilən yazılı açıqlamaya görə, təbii fəlakətdən ən çox zərər çəkən Arakan, Çin, Maqvey, Saqainq və Kaçin bölgələrindəki həssas insanlara yardım üçün çağırış olunub.

Bu çağırış, 2023-cü il Myanma Humanitar Müdaxilə Planından qasırğadan zərərçəkmiş ərazilərdə mübarizəni dəstəkləmək üçün yönəldilmiş 211 milyon dollarlıq prioritet fəaliyyətləri və qasırğadan zərərçəkənlərə yönəlik dəstəklər üçün 122 milyon dolları əhatə edir.

Ümumilikdə 333 milyon dollarlıq çağırışla dəstəklənməsi planlaşdırılan 1,6 milyon insan arasında evlərini itirənlər, səhiyyə və təmiz suya çıxışı olmayanlar, qida çatışmazlığı yaşayanlar, düşərgələrdə yaşayan köçkünlər - qadınlar, uşaqlar, əlillər yer alır.

BMT-nin Myanma humanitar yardım koordinatoru Ramanatan Balakrişnan qasırğanın ölkənin ən yoxsul bölgələrindən birində baş verdiyini və təbii fəlakətdən əvvəl bu bölgələrə böyük ehtiyac olduğunu bildirib.

Bölgədəki musson yağışlarından əvvəl ehtiyacı içində yaşayan insanlara genişləndirilmiş yardımı dəstəkləmək üçün donorlara ehtiyac olduğunu qeyd edən Balakrişnan "Əlavə yardımın paylanması üçün resurslarımızı artıra bilməsək, qasırğadan zərərçəkənlər uzun və acınacaqlı musson dövrü keçirəcək", deyib.

Moça qasırğası

Mayın 14-də baş verən Moça qasırğası Banqladeş və Myanmanın Benqal körfəzi boyunca yerləşən ərazilərinə təsir edib. Myanmanın qərb sahilindəki Arakan əyalətində güclü yağış və daşqınlara səbəb olan 5-ci kateqoriya olaraq təyin edilən Moça qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilib.

Banqladeş və Myanmada baş verən qasırğa səbəbindən sahilyanı bölgələrdə yüz minlərlə insan təxliyə edilib, insanlar sahilyanı ərazilərdən uzaq durmağa çağırılıb.

Banqladeşdə təxliyə edilənlərin sayının 700 mini keçdiyi təxmin edilir.

Qasırğanın vurduğu rayonlarda 10 mindən çox evə ziyan dəydiyi, elektrik enerjisinin və internetin kəsildiyi, su şəbəkələrinin zədələndiyi, damların uçduğu, ağacların aşdığı bildirilir.

Myanmada 2008-ci ildə “Nargis” qasırğasında 135 min insan həyatını itirmişdi.

Samir

0