Rusiya-Ukrayna müharibəsi Moskvaya çatır?

DÜNYA
16:06 / 30.05.2023
777

Rusiyanın paytaxtı Moskvaya daha bir PUA hücumu olub. Belə ki, şəhərin hündürmərtəbəli yaşayış binalarından biri PUA hücumuna məruz qalıb. Bunu Moskvanın meri Sergey Sobyanin açıqlayıb.

O, yaralıların olduğunu, amma ölənlərin olmadığını bildirib.

Qeyd edək ki, son günlərdə Rusiyanın daxilinə, xüsusilə Moskvaya tez-tez dron hücumları olur.

Maraqlıdır, Rusiya-Ukrayna müharibəsi Moskvaya qədər gəlib çatıb?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq yekun mərhələsinə daxil olub:

"Xüsusilə, Ukraynanın müdafiə qalası hesab olunan Baxmutun işğal olunması kifayət qədər böyük hərbi və ideoloji məğlubiyyət olaraq qiymətləndirilə bilər. Artıq bu mərhələdə danışıqların bərpa olunması labüd xarakter daşısa da, çox təəssüflər olsun ki, bu istiqamətdə real addımlar müşahidə edilmir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, birləşmiş Qərb Rusiya işğalına qarşı Ukraynanın ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli mövqe nümayiş etdirmədiyi halda, Kiyevə qarşı olan hücumlar onun işğalı ilə bağlı dəhşətli fəlakət ssenarilərinin reallaşması ilə nəticələnə bilər".

Politoloq vurğulayıb ki, hərbi əməliyyatların Moskvaya doğru genişləndirilməsi Kiyevin müdafiəsi üçün zəruri addım ola bilər:

"Amma onu da unutmamaq lazımdır ki, bu addım hərbi əməliyyatların miqyasını artırmaqla paralel olaraq, Rusiyanın taktiki nüvə silahından istifadə ilə bağlı təhdidlərini yenidən gündəmə gətirilməsi ilə də nəticələnə bilər".

Pərviz

0