Sanksiyalar Rusiyanı zəiflədir? - ŞƏRH

15:33 / 31.05.2023
652

ABŞ Rusiyaya yeni sanksiya tətbiq edəcək.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken danışıb. O bildirib ki, ABŞ bu gün İran dronlarından istifadə etdiyi üçün Rusiyaya qarşı yeni ixrac məhdudiyyətlərini nəzərdə tutan sanksiya qəbul edəcək. 

Bəs bu sanksiya Rusiyanı zəiflətməyə yetəcəkmi?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Azər Qasımlı bildirib ki, ABŞ uzun müddətdir İran dronlarından istifadə etdiyi üçün Rusiyaya xəbərdarlıq edirdi:

"Eyni şəkildə İrana da sözügedən dronların Rusiyaya satılmaması ilə bağlı xəbərdarlıq edirdi. Bildiyiniz kimi, ABŞ-ın İran və Rusiya ilə münasibətləri yaxşı deyil. Bu nöqteyi-nəzərdən nə rəsmi Moskva, nə də Tehran Vaşinqtonun bu çağırışına qulaq asmadı. Sadəcə olaraq, Rusiya son 3 gündür ki, İran dronlarından çox aktiv şəkildə istifadə edərək Kiyevə hücum edir. Buna da cavab olaraq ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyini bildirib.

Demək olar ki, hər rübdə həm Avropa İttifaqı, həm də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Artıq bütün sanksiyaların da tətbiq edildiyini deyə bilərik. Bunların heç birinin isə Rusiyaya çox ciddi təsiri olmayıb".


Ekspert hansı sanksiyanın Rusiyanı zəiflədə biləcəyindən də söz açıb:

"Düşünürəm ki, Rusiyanın bütün bankları beynəlxalq ödəmə sistemindən çıxarılması ən ağır sanksiya ola bilər. Təxminən 1 il əvvəl belə bir qərar verdilər, amma bu, sadəcə bir neçə banka şamil olundu. İki ay bundan əvvəl isə daha 9 rus bankı bu sanksiyalara məruz qaldı. Amma Rusiyanın bütün bankları sanksiyalar altında deyil. 

Məncə, bütün banklara sanksiya verilməsi Rusiyaya daha çox zərbə vurar. Amma onu da qeyd etmək lazımdır ki, Rusiya da müəyyən mənada öz tədbirlərini görüb. Yəni Türkiyə və Çin milli valyutaları ilə alış-veriş etməklə bağlı addımlar atılıb. 

Artıq Rusiya beynəlxalq ödənişlərinin 60 faizini Çin və digər ölkələrin valyutaları ilə edir. Bütün rus banklarına sanksiya tətbiq edilməsi, iqtidara yox, Rusiyanın özünə, vətəndaşlara daha çox təsir edəcək. Vladimir Putin və Rusiya cəmiyyətinə ayırmaq üçün bu addım atıla bilər. Bu halda isə Rusiya ciddi şəkildə zəifləyəcək. Amma bu addım belə iqtidar dəyişikliyinə gətirib çıxarmayacaq".

Pərviz

0