Yerdəki süni işıq çirklənməsi səbəbindən ulduzların çoxu 20 ildən sonra görünməyəcək.
HİT.az xəbər verir ki, Almaniya Yer Elmləri Mərkəzindən fizik Kristofer Kiba apardığı araşdırmada yer üzündəki süni işıq çirklənməsinin gecələr səmanı işıqlandırdığını və insanların hər gün ulduzları getdikcə daha az görməsinə səbəb olduğunu müəyyən edib.
Kiba bildirib ki, gecələr səmanın işıqlanma sürəti bir nəslin onlarla ulduzu görməməsi üçün kifayətdir. Fizik bu gün gecələr 250 ulduzun göründüyü bir yerdə doğulan uşağın 18 yaşına çatdıqda ancaq 100 ulduz görə bildiyinə diqqət çəkib.
"Guardian"a danışan Kiba işıq saçan Süd Yolu Qalaktikasının göründüyü gecə səmasına baxmağın başqa bir dövrün "lüks"ü halına gəldiyini deyib.
“Bir neçə nəsil əvvəl insanlar kosmosun parlaqlığı ilə qarşılaşırdı. Bu, indi çox nadir hallarda rast gəlinən haldır”, deyə fizik bildirib.
2016-cı ildə astronomlar Günəş sistemini ehtiva edən Süd Yolu Qalaktikasının işıq çirklənməsi səbəbindən insanların 1/3-nə görünmədiyini bildirmişdi. Təxmin edilir ki, əsas ulduzların əksəriyyəti indiki işıq çirklənməsi sürətinə görə 20 il ərzində insanlar üçün görünməz olacaq. İngilis kraliyyət astronomu Martin Rees bunun böyük mədəni və elmi itkilərə səbəb olacağını bəyan edib: "Gecə səması ətraf mühitimizin bir hissəsidir və onu gələcək nəsilin onu görməməsi quş yuvası görməmək kimi məhrumiyyət olacaq".
İspan professor Oskar Korço bildirib ki, əsas problem işıq çirklənməsinin hələ də ictimaiyyət tərəfindən təhlükə kimi qəbul edilməməsidir. İşıq çirklənməsinin astronomik və mədəni təsirləri ilə yanaşı, ciddi ekoloji fəsadları olduğunu ifadə edən Korço, “Ay işığı dəniz tısbağalarına və köçəri quşlara bələdçilik edir. İşıq çirklənməsi onların yolunu azmasına səbəb olur" deyib.
İngilis professor Robert Fosberi xəbərdarlıq edib ki, işıq yayan diodlar (LED) qırmızı və ya infraqırmızı işıq olmadıqda maviyəbənzər parıltı verir və bu da sağlamlığa mənfi təsir göstərir: “Biz qırmızı və infraqırmızı işıqdan məhrumuq və bunun ciddi nəticələri var. Orqanizmə qırmızımtıl işıq gəldikdə yüksək qan şəkərini parçalayan və melatonin istehsalını artıran mexanizmlər də daxil olmaqla bir neçə mexanizm işə düşür”.
Tapıntılara görə, LED və digər işıqlandırma formalarının artan istifadəsi indi gecə səmasını əhəmiyyətli dərəcədə işıqlandırır. Xarici işıqlandırma, küçə işıqlandırması və parıldayan reklam lövhələrinin fərq qoymadan istifadəsi ulduzların görünməsini əngəlləyir. İngiltərədə işıq çirklənməsinə qarşı tədbirlər görülməsinə çağıran və səmanın qaranlıq olmasını istəyən parlament qrupunun qurucularından Martin Rees, sadə tədbirlərlə böyük inkişafların edilə biləcəyini deyib.
Samir