Sunak Baydenlə görüşdə nəyi xaşiş edəcək? - "The Telegraph"dan iddia

DÜNYA
11:12 / 05.06.2023
522

Böyük Britaniyanın baş naziri Rişi Sunak krallığın müdafiə naziri Ben Uollesin NATO-nun baş katibi vəzifəsinə seçilməsində ABŞ prezidenti Co Baydenin dəstəyini almaq üçün Vaşinqtona səfərindən yararlanacaq. 

HİT.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. 

Sunakın Xirosimada keçirilən G7 sammitində də Uolles üçün lobbiçilik etdiyi iddia olunur.

Britaniya qəzetinin yazdığına görə, Uolles Ukraynanı dəstəkləmək üçün beynəlxalq koalisiyanın yaradılmasında oynadığı rola görə ABŞ-da məşhurdur. O, ölkəsinin müdafiə xərclərini ÜDM-in 2,25%-nə çatdıra bilib və onilliyin sonuna kimi onu 3%-ə çatdırmağı planlaşdırır.

“The Telegraph” yazır ki, London namizədliyin Fransa və Almaniya tərəfindən əngəllənəcəyindən ehtiyat edir. Onlar ilk qadın baş katibin namizədliyini dəstəkləyə bilərlər. Namizədlər arasında digər lider Danimarkanın baş naziri Mette Frederiksendir. Co Bayden onunla 4 iyun bazar ertəsi Ağ Evdə görüşəcək.

May ayında cənab Uolles NATO-ya rəhbərlik etmək niyyətini təsdiqləyib, lakin hazırkı mövqeyindən də razı qaldığını açıq şəkildə bildirib. Hazırkı baş katib Yens Stoltenberq 2023-cü ilin payızında səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsini tərk etmək niyyətində olduğunu daha əvvəl təsdiqləyib. Media Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin də bu vəzifə üçün müraciət edə biləcəyini, lakin Böyük Britaniyanın buna qarşı çıxa biləcəyini yazıb.

Samir

0