Bu ölkədə 3,4 milyon insanın humanitar yardıma ehtiyacı var - BMT

DÜNYA
19:08 / 06.06.2023
310

Birləşmiş Millətlər Təşkilatı (BMT) Mərkəzi Afrika Respublikasında (MAR) humanitar vəziyyətin kritik olaraq qaldığını, 3.4 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı olduğunu bildirib..

HİT.az xəbər verir ki, BMT-nin Mərkəzi Afrika Respublikası üzrə humanitar koordinatoru Məhəmməd Ag Ayoya qurumun Cenevrə ofisində ölkədəki vəziyyətlə bağlı açıqlamalar verib.

MAR-dakı vəziyyətin kritik olaraq qaldığını qeyd edən Ayoya "Bu il 3.4 milyon insanın, yəni əhalinin 56 faizi humanitar yardıma və müdafiəyə ehtiyac duyur. Bunlardan 2,4 milyonunun böyük ehtiyacı var və həyatları üçün risk son həddə çatıb", deyib.

Ölkədə təkrarlanan münaqişələrin əhalinin köçünə səbəb olduğunu və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə nəticələndiyini qeyd edən Ayoya, MAR vətəndaşlarının hər 5 nəfərindən birinin ya məcburi köçkün olduğunu, ya da qonşu ölkəyə sığındığını qeyd edib.

Ayoya bildirib ki, ötən il ölkədə baş verən daşqın əvvəlki illərlə müqayisədə demək olar ki, 3 dəfə çox (təxminən 100 min) insana ziyan vurub və 6000-dən çox evin dağılmasına səbəb olub.

Ölkədə sosial-iqtisadi infrastruktura, xidmətlərə və iş yerlərinə investisiya qoyulmadığını vurğulayan Ayoya "Əsas xidmətlər ümumiyyətlə mövcud deyil. Bu, insanların həyat şəraitini pisləşdirir. 5 Mərkəzi afrikalıdan 3-nün təmiz içməli su və kanalizasiyaya çıxışı yoxdur. Uşaqların yalnız 55 faizi ibtidai məktəbi bitirir”, deyib.

Ayoya Sudandakı qarşıdurmanın təsiri ilə ölkədəki humanitar ehtiyacların daha da pisləşdiyini, münaqişələr səbəbilə Mərkəzi Afrika Respublikasına gələn 14 min sudanlının məhdud imkanlara əlavə təzyiq göstərdiyini bildirib.

Keçən il humanitar təşkilatların Mərkəzi Afrika Respublikasında 1,9 milyon insana yardım etdiyini xatırladan Ayoya "Təkcə 2023-cü ilin ilk üç ayında 658 min insana həyati əhəmiyyətli yardım çatdırılıb", deyib.

Samir

0