NATO Slovakiyada seçkilərə müdaxilə edir? - Baş katibdən cavab

20:56 / 06.06.2023
235

NATO-nun baş katibi Yens Stoltenberq sentyabrda Slovakiyada keçiriləcək növbədənkənar ümumi seçkilərə müdaxilə etdiklərinə dair iddiaları rədd edib.

Hit.az xəbər verir ki, Stoltenberq Slovakiyanın paytaxtı Bratislavada baş nazir Ludovit Odor ilə görüşdükdən sonra təşkil edilən ortaq mətbuat konfransında sualları cavablandırıb.

Slovakiyanın ana müxalifətinin lideri Robert Fikonun NATO-nun 30 sentyabrda keçiriləcək növbədənkənar seçkilərə informasiya kampaniyaları ilə müdaxilə etməyə çalışmasına dair ittihamlarına münasibət bildirən Stoltenberq deyib:

“NATO müxtəlif müttəfiq ölkələrdə müxtəlif informasiya kampaniyaları aparır. Bu normaldır. Biz bunu bir çox ölkələrdə, o cümlədən bir müddət əvvəl Slovakiyada da etmişik”.

Stoltenberq ictimaiyyəti NATO-nun fəaliyyəti və mövqeyi barədə məlumatlandırmaq üçün şəffaf məlumatlandırma fəaliyyətləri təşkil etdiklərini və bunu milli hakimiyyət orqanları ilə koordinasiya üçün həyata keçirdiklərini bildirib.

NATO-nun demokratiyanı, azadlıqları və aşkarlığı qorumaq üçün mövcud olduğunu vurğulayan Stoltenberq "Biz heç vaxt daxili siyasi məsələlərə qarışmırıq. Biz hər bir ölkənin öz demokratik proseslərini qoruması üçün varıq", deyib.

Seçkilərə qədər Slovakiyanı idarə edəcək hökumətin başçısı Ludovit Odor bu cür informasiya fəaliyyətlərinin hər ölkədə həyata keçirildiyini, bunun gizli olmadığını deyib: 

"Mən NATO-nun seçkilərimizə müdaxilə etmək istədiyini düşünmək üçün heç bir əsas görmürəm. Axı bizdə demokratiya var və hər kəsin öz fikri ola bilər".

Müxalifət lideri Rober Fiko barədə danışan baş nazir deyib:

“Birinin NATO-nun tərəfdarı olduğunu söyləməsi və NATO-ya qarşı hər şeyi etməsi olduqca qəribədir”.

Robert Fiko NATO-nun ictimaiyyətlə əlaqələr kampaniyasını tənqid edərək, məqsədin Rusiyaya qarşı Ukraynanı dəstəkləyən slovakların sayını artırmaq və seçkilərə müdaxilə etmək olduğunu iddia edib.

2012-2018-ci illərdə Slovakiyada baş nazir vəzifəsini icra edən Robert Fiko Ukraynaya dəstəyi azaltmaq istəyir və xüsusilə enerji sahəsində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə qarşıdır.

Samir

0