Ukraynada müharibənin başlanmasından sonra ABŞ-ın Rusiyaya qarşı əsas addımlardan biri sanksiyaların tətbiq edilməsi oldu və bu addımdan təkcə Rusiya yox, region ölkələri, o cümlədən, bir çox beynəlxalq şirkətlər əziyyət çəkir.
- Sanksiyalar altında olan Rusiya ilə əməkdaşlıq edən ölkələrə də eyni yanaşma tətbiq edilir;
- Rusiya şirkətləri ilə hansısa əlaqəsi olan şirkətlər də sanksiya altına düşür;
İrana qarşı sanksiyalarda da eyni siyasət aparılırdı, indi analoji hal Rusiyaya münasibətdə də baş verir.
Lakin Qərbin onilliklərdir İrana, indi də Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyasətindən yayınan, bu sanksiyaların dəlinməsində hər iki ölkəyə yardım edən və hər iki ölkənin “boz zona” kimi istifadə etdiyi bir ölkə var: Ermənistan.
İran illərdir Ermənistandan sanksiyaların dəlinməsində platforma olaraq istifadə edir. Mexanizm sadədir:
- Ermənistan İrana lazım olan malları Avropa bazarından alır və buradan İrana verir;
- İran məhsullarını Ermənistan bazarına çıxarır və erməni malları olaraq satır;
- Çirkli pullar Ermənistana daşınaraq, “təmizlənir” və həm beynəlxalq ticarətdə, həm ikitərəfli ticarətdə istifadə olunur;
- Azərbaycan torpaqları işğalda olarkən, İranın Qarabağdan da həm çirkli pulların yuyulması, həm də sanksiyalar altında olan malların daşınmasında geniş istifadə etdiyinə dair faktlar mövcuddur;
İllərdir bu mexanizm sanksiyaalrın dəlinməsi məqsədilə istifadə olunsa da, Qərb göz yumur və Ermənistana nəinki sanksiya tətbiq olunmur, ümumiyyətlə bu fəaliyyətinə görə irad belə bildirilmir. Zaman-zaman Avropa İttifaqı erməni şirkətlərinə qarşı sanksiya tətbiqini gündəmə gətirsə də, praktikada bu işləmir.
İran üçün sanksiyalardan yayınmaqda “nəfəslik” rolunu oynayan Ermənistan Ukraynada müharibənin başlandığı 1,5 ilə yaxın müddətdə analoji xidməti Rusiya üçün də həyata keçirir. Mexanizm eynidir, Rusiya lazım olan malları Ermənistan üzərindən alır, o cümlədən, erməni şirkətləri vasitəsilə dünya bazarına çıxarır.
Bu ilin aprel ayında ABŞ Xəzinədarlığının Xarici aktivlərə Nəzarət Departamenti (ODAC) Rusiyaya kömək edərkən, ABŞ-ın ixrac qanunlarını pozduğuna görə 20 ölkədə 100-dən çox fiziki şəxsi və şirkəti sanksiya siyahısına daxil etdi. Siyahıda Ermənistan şirkəti də yer alır. TAKO MMC şirkəti 2022-ci ilin may ayında İrəvanda qeydiyyatdan keçib və Rusiya vətəndaşına məxsusdur. Elektron və telekommunikasiya avadanlığı üzrə ixtisaslaşan şirkət Rusiyanın sanksiyalara məruz qalan “Radioavtomotika” şirkəti ilə əməkdaşlıq edir və müdafiə sənayesi üzrə elektron əşyaların Rusiyaya idxalını həyata keçirir. Şirkət sanksiyalardan yayınmaq üçün daha sonra adını TACO olaraq dəyişdirib.
Ermənistanda fəaliyyət göstərən və ABŞ-ın sanksiya siyahısına düşən şirkətlər arasına “Areximbank”, “Qazprombank group”, “VTB Bank Armenia”, “Bank Mellat”, “Flight Travel MMC”, “Milur Electronics MMC” və digərləri də daxildir.
“Ceymstaun fondu”nun araşdırmasına görə, bu, aysberqin yalnız görünən hissəsidir. Gerçəkdə Ermənistan Rusiyaya müdafiə sənayesindən tutmuş məişət avadanlığına qədər bir çox sahədə sanksiyalardan yayınmağa kömək edir. Bunu son bir ildə Ermənistanın xarici dövriyyəsinin artması, o cümlədən, Rusiya ilə ticarət dövriyyəsinin qəfil böyüməsi və digər statistik məlumatlar da təsdiq edir.
2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 68.ş8 faiz artaraq, 14,1 milyard ABŞ dollarına çatıb. Bu, Ermənistanın Satatistika Komitəsinin rəsmi məlumatında əks olunur.
Ermənistanın rəsmi məlumatında hər şey öz əksini tapır:
- 2022-ci ildə Ermənistanın idxalı 2021-ci illə müqayisədə 63,5 faiz artaraq, 8,7 milyard dollardan çox olub;
- 2022-ci ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 91,7 faiz artaraq, 5,05 milyard dollar olub;
- Ermənistanın Rusiyaya ixracı 2,4 dəfə artaraq, 20,4 milyard dollar olub: bu əvvəlki illərlə müqayisədə rekord həddir;
- Ümumilikdə Ermənistanın ixracında Rusiyanın payı 45 faizə çatıb;
Bu “müsbət saldo” Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasındakı “titatik əməyi”nin nəticəsidir.
Faktlar bununla bitmir. 2022-i ildə Ermənistana qiymətli metal və daşların idxalı 200 faiz, nəqliyyat vasitələrin idxalı 170 faiz, elektronikanın idxalı 100 faiz, dəmir və polad məmulatlarınım idxalı 76 faiz, maşın və mexaniziki qurğuların idxalı 52 faiz artıb. Və bütün bunlar 2022-ci ildə Ermənistandan Rusiyaya irxac edilən əsas məhsullar olub. Ermənistandan Rusiyaya elektron məhsulların ixracı 37 dəfə, nəqliyyat vasitələrinin ixracı 30 dəfə, maşın və mexaniki qurğuların ixracı 10 dəfə, qiymətli metal və daşların ixracı 200 faiz, texniki və tibbi avadanlıqların ixracı 400 faiz artıb.
Beləliklə, Rusiya bu məhsulları idxal edə bilmədiyi üçün Ermənistana “sifariş verir”, Ermənistan idxal edərək, Rusiyaya göndərir.
Ermənistan iqtisadiyyatı ilə bağlı 2022-ci ilin proqnozları ilə artım tempi arasındakı böyük fərq də əsas faktlardan biridir. Belə ki, Ermənistan Mərkəzi Bankı 2022-ci ildə iqtisadi artımla bağlı proqnozu 5,3 faizdən 1,6 faizə, Beynəlxalq Valyuta Fondu 5,25 faizdən 1,5 faizə, “Fitch Ratings” 5,3 faizdən 1,3 faizə endirib. Lakin 2022-ci ildə Ermənistanda iqtisadi artım 12,6 faiz, xarici ticarət dövriyyəsi isə 69 faiz artıb. Heç bir istehsala dayanmayan bu artım da Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiyini ispat edir.
ABŞ Sənayi və Təhlükəsizlik Bürosunun məlumatında da qeyd olunur ki, Ermənistan ABŞ-dan mikroçip və prosessor idxalını 515 faiz, Avropa İttifaqından isə 212 faiz artıb, daha sonra həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib.
Və şübhəli suallar yaranır: sanksiyalara görə Rusiya ilə əməkdaşlıq edən ölkələri və şirkətləri “qara siyahı”ya salan Qərb bu qədər faktın olmasına baxmayaraq, niyə Ermənistana irad belə bildirimir?!
Klassik ikili yanaşma yenə davam edir. Ermənistan Azərbaycan torpaqlarını 30 il işğalda saxlasa da, beynəlxalq reaksiya sıfır səviyyəsində olub. İrana qarşı sanksiyalarda əsas “nəfəslik” rolunu oynayan Ermənistana yenə “dörd ayağı üstə” düşür. İndi də Rusiyaya qarşı sanksiyalarda “boz zona” rolunu oynayan Ermənistana göz yumulur.
Asif Nərimanlı