Dünyada nə qədər "uşaq işçi" var? - BMT rəqəmləri açıqladı

DÜNYA
09:00 / 12.06.2023
480

Dünyada demək olar ki, hər 10 uşaqdan 1-i “uşaq işçi” olaraq işləsə də, bu nisbət ən az inkişaf etmiş ölkələrdə hər 5 uşaqdan 1-dən çoxuna şamil olunur.

HİT.az-ın Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) “12 İyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü” münasibətilə tərtib etdiyi hesabata istinadən xəbər verir ki, dünya miqyasında 160 milyon uşaq (63 milyon qız və 97 milyon oğlan) hələ də müxtəlif sahələrdə "uşq işçi" olaraq çalışır.

Sub-Sahara Afrikası 26 faizlə uşaq əməyinin ən böyük nisbətinə malikdir, Latın Amerikası və Karib hövzəsində isə uşaqların 7 faizi potensial zərərli işlərdə çalışır.

Ən az inkişaf etmiş ölkələrdə 5-17 yaş arasında olan hər 4 uşaqdan 1-dən çoxu sağlamlığı və inkişafı üçün zərərli hesab edilən işlərdə fəaliyyət göstərir.

Dünya ölkələrinin əhalisinin sayını nəzərə alsaq, 160 milyona yaxın uşaq işçilərin sayı 8 ölkə istisna olmaqla, bütün ölkələrin əhalisindən daha çoxdur.

BƏT və UNICEF-in 2021-ci ildə dərc etdiyi hesabata görə, Afrika uşaq əməyinin ən yüksək pilləsindədir, hər beş uşaqdan biri (92 milyon) "uşaq işçi" kimi çalışır.

Asiya və Sakit Okean regionu ikinci yeri tutur. Bu regionda uşaqların 5,6 faizi (49 milyon) uşaq əməyinə cəlb olunur.

Bundan əlavə, Amerika qitəsində 8,3 milyon, Avropa və Mərkəzi Asiyada 8,3 milyon, ərəb ölkələrində isə 2,4 milyon uşaq işçi var.

Asiya və Sakit Okean hövzəsi, Latın Amerikası və Karib hövzəsi 2008-ci ildən bəri uşaq əməyi ilə bağlı davamlı irəliləyiş əldə etsə də, Sub-Sahara Afrikasında vəziyyət pisləşib.

İşləyən uşaqlar fiziki və psixoloji zərər, təhsillərinin kəsilməsi, əsas hüquqlarından məhrum edilməsi və gələcək potensial imkanlarının əldən çıxması kimi risklərlə üzləşirlər.

Digər tərəfdən, uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına zərər verə biləcək iş kimi müəyyən edilən təhlükəli işlərdə çalışan 5-17 yaş arası uşaqların sayı 2016-cı ildən bu yana 6,5 milyon artaraq 79 milyona çatıb.

2000-ci ildən başlayan 16 illik dövrdə uşaq əməyinə cəlb edilən uşaqların sayında 94 milyon azalma olduğu halda, eyni dövrdə zərərli işlərdə işləyən uşaqların sayı yarıdan çox azalıb.

Uşaq əməyindən ən çox kənd təsərrüfatı sektorunda istifadə olunur. Bu sektor bütün uşaq əməyinin 70 faizini (112 milyon uşaq) təşkil edir.

Xidmət sektorunda uşaq əməyinə cəlb edilənlərin sayı 31,4 milyon, sənaye sektorunda isə 16,5 milyon nəfərdir.

"Uşaq işçilər"in 48 faizi 5-11, 28 faizi 12-14, 25 faizi isə 15-17 yaş arasında olan uşaqlardır. Zərərli işlərdə işləyənlərin əksəriyyətini 5-11 yaş arası uşaqlar təşkil edir.

Kənd yerlərində uşaq əməyinin nisbəti 14 faiz olduğu halda, şəhərlərdə bu nisbət 5 faiz civarındadır. 5-11 yaşlı uşaq işçilərinin 28 faizi, 12-14 yaşlı uşaqların isə 35 faizi təhsildən kənarda qalıb.

Uşaq işçilərinin 72 faizi ailələri ilə işlədiyi halda, onlar təhlükəli işlərdə də iştirak edə bilirlər.

Digər tərəfdən, məlumatlar göstərir ki, bütün regionlarda və yaş qruplarında işləyən uşaqlar arasında oğlanların çəkisi qızlardan daha yüksəkdir.

BƏT uşaq əməyinə diqqəti çəkmək üçün ilk dəfə 2002-ci ildə “Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü” elan edib. Builki "Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü"nün şüarə "Hamı üçün sosial ədalət. Uşaq əməyinə son!" olaraq müəyənləşdirilib.

Samir

0