ABŞ prezidenti Co Baydenin administrasiyası BMT Təhlükəsizlik Şurasında islahatlar planı hazırlayır.
Poliqon "The Washington Post"a (WP) istinadən xəbər verir ki, onun məqamlarından biri bu ölkələrə veto hüququ vermədən Təhlükəsizlik Şurasına altıya qədər daimi yerin əlavə edilməsidir.
Aparıcı inkişaf etməkdə olan ölkələr, o cümlədən Braziliya və Hindistan uzun müddətdir ki, Şuraya dəyişikliklərin edilməsini tələb edir. Onlar hesab edirlər ki, bu, Afrika, Asiya və Latın Amerikası ölkələrinin maraqlarını əks etdirmir. İslahat BMT nizamnaməsində dəyişiklikləri nəzərdə tutduğundan, Təhlükəsizlik Şurasının bütün daimi üzvləri tərəfindən ratifikasiya tələb edəcək.
Vaşinqtonun fikrincə, BMT Təhlükəsizlik Şurasına etimadı bərpa etməlidir. Bu, həm də Baydenin inkişaf etməkdə olan dünyanın artan təsirini tanımaq istəyini əks etdirir. ABŞ prezidenti BMT Baş Assambleyasının sentyabrda keçirilən iclasında Təhlükəsizlik Şurasının daimi üzvlərinin, o cümlədən Afrika və Latın Amerikası ölkələrinin nümayəndələrinin sayının genişləndirilməsini dəstəkləyib. "Bu qurumun daha əhatəli olmasının vaxtıdır", deyə Bayden bildirib.
O, həmçinin Təhlükəsizlik Şurasının digər daimi üzvlərini veto hüququndan istifadəni "nadir fövqəladə hallarla" məhdudlaşdırmağa çağırıb.
Diplomatik müzakirələr barədə danışan və adının açıqlanmasını istəməyən ABŞ-ın yüksək rütbəli məmurunun sözlərinə görə, Vaşinqton “islahat gətirə biləcək ağlabatan, etibarlı təklif üzərində müəyyən konsensus formalaşdırmağa” çalışır.
"Təhlükəsizlik Şurasında istənilən islahat Qərbin çəkisini yaxşıca azalda bilər", deyə BMT diplomatı təşəbbüsü şərh edib.
Şura BMT Baş Assambleyası tərəfindən iki il müddətinə seçilən 15 üzv dövlətdən - 5 daimi və 10 qeyri-daimi dövlətdən ibarətdir. Daimi üzvlər Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransadır.
Vaxtilə Türkiyə, Yaponiya, Qazaxıstan və Fransa Təhlükəsizlik Şurasında islahatların aparılmasını tələb edirdilər.
Samir