"ABŞ-ı Avropada 150-yə yaxın nüvə başlığı yerləşdirib"

DÜNYA
09:18 / 13.06.2023
373

Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət və araşdırma koordinatoru Alisiya Sanders-Zakre ABŞ-ı nüvə silahı sahəsində fəaliyyətinə görə tənqid edib. 

HİT.az xəbər verir ki, o, Vaşinqtonu beş Avropa ölkələrində 150-yə yaxın nüvə başlığı yerləşdirərək, arsenalın təkmilləşdirilməsinə “böyük pullar xərcləməkdə” günahlandırıb. 

ICAN 2007-ci ildə təsis edilmiş beynəlxalq ictimai təşkilatdır. Nüvə Silahlarının Qadağan edilməsi haqqında Müqavilənin təsdiqini və həyata keçirilməsini təşviq etmək məqsədi ilə yaradılıb. 2017-ci il Nobel Sülh Mükafatı laureatı olub.

Alisiya Sanders-Zakre ICAN-ın dünya üzrə nüvə silahlarına xərclənən xərclərə dair hesabatının dərcindən sonra keçirilən brifinqdə danışıb. Xərclər 2022-ci ildə 2,1 milyard dollar artaraq 82,9 milyard dollara çatıb. Bu məbləğin yarıdan çoxu ABŞ-ın payına düşür.

“Mən, şübhəsiz ki, ABŞ-ın nüvə silahlarına xərcləməsinin dəhşətli olduğunu düşünürəm: 43,7 milyard dollar. Nüvə silahına malik olan bütün ölkələr son bir ildə öz arsenallarını genişləndirir və nüvə silahına daha çox xərcləyirlər”, deyə xanım Sanders-Zakre jurnalistlərə bildirib.

Xanım Sanders-Zakre diqqəti ona yönəldib ki, ekspertlər ABŞ-ın nüvə silahlarının Avropanın beş ölkəsində yerləşdirildiyini bilirlər: Almaniya, Belçika, Hollandiya, İtaliya və Türkiyə: “Müstəqil ekspertlərin fikrincə, bu ölkələrdə ABŞ-ın hərbi hava bazalarında 150-yə yaxın döyüş başlığı yerləşdirilib". 

Koordinator qeyd edib ki, bu məlumatın ictimai təsdiqi və ya təkzibi yoxdur.

Samir

0