Rusiya nüvə arsenalını modernləşdirib, 9.6 milyard dollar xərcləyib

DÜNYA
10:04 / 13.06.2023
455

2022-ci ildə Rusiya nüvə arsenalının modernləşdirilməsinə 9,6 milyard dollar xərcləyib. Bu, 2021-ci illə müqayisədə 5,74% çoxdur.

HİT.az xəbər verir ki, bu barədə Nüvə Silahlarının Qadağan edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) hesabatında deyilir.

Hesabata əsasən, Rusiya Federasiyası 2022-ci ildə nüvə qüvvələrinin inkişafına sərf olunan xərclərə görə ilk üç ölkə sırasında yer alıb.

Birinci yeri keçən il 43,7 milyard dollar xərcləyən ABŞ tutub ki, bu da 2021-ci illə müqayisədə bir qədər azdır. İkinci yerdə olan Çin nüvə silahına xərclərini 6% - 11,7 milyard dollara qədər artırıb.

Qeyd olunur ki, nüvə potensialının inkişafı üçün ən çox xərc artımı Hindistanda qeydə alınıb. Məbləğ 21,8% artaraq 2,7 miyard dollar olub.

Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun ekspertləri ABŞ və Rusiyanın yerləşdirdiyi nüvə başlıqlarının sayını artırdığını bildiriblər. Onlar birlikdə dünya nüvə silahlarının demək olar ki, 90%-nə sahibdirlər.

2023-cü il fevralın 28-də Rusiya prezidenti Vladimir Putin strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında müqavilədə ölkəsinin iştirakına xitam verilməsi haqqında qanun imzalayıb.

İyunun 1-dən Birləşmiş Ştatlar Rusiyaya nüvə silahları, məsələn, raketlərin və buraxılış qurğularının yeri, həmçinin nüvə qüvvələrinin hərəkəti ilə bağlı bəzi gündəlik hesabatlar barədə məlumatların verilməsini dayandırmaq qərarına gəlib. Ən son məlumat yeniləmələrinə görə, ABŞ hazırda 662 yerüstü və sualtı raketlərə, eləcə də ağır bombardmançı təyyarələrə yerləşdirilən 1419 döyüş başlığına malikdir.

Bu yaxınlarda ABŞ Rusiyanı SNO müqaviləsini yeniləməyə dəvət etmək niyyətində olduğunu açıqlayıb. 

Samir

0