WSJ: ABŞ Ukraynadan Şimal axınına hücum etməməyi xahiş edib

DÜNYA
23:06 / 13.06.2023
400

2022-ci ilin yayında Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ukrayna hakimiyyətinin “Şimal axını”na zərər verə biləcəyi barədə məlumat alıb. Bununla əlaqədar olaraq, boru kəmərlərində partlayışlardan bir neçə həftə əvvəl MKİ Ukrayna hakimiyyətinə təzyiq edib və onlardan bu cür planlardan əl çəkməyi xahiş edib.

Hit.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Mənbələrin məlumatına görə, MKİ Ukrayna hökumətindən Rusiya ilə Avropa arasında əsas enerji əlaqəsini pozmaq üçün plan barədə məlumat aldıqdan sonra “Şimal axını” qaz kəmərlərinə hücum etməməyi xahiş edib.

Mənbələr bildiriblər ki, MKİ 2022-ci ilin yayında Niderland hərbi kəşfiyyat xidmətindən Ukraynanın planları barədə məlumat alıb. Niderland kəşfiyyat rəsmiləri MKİ-yə bildiriblər ki, Ukrayna qrupu Baltik dənizi sahilində yaxta icarəyə götürmək və bir qrup dalğıcın köməyi ilə “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd borusuna partlayıcı yerləşdirmək istəyib.

Bununla belə, xəbərdarlıq ciddi qəbul edilsə də, mənbələr bildirir ki, MKİ-nin Ukraynanın Baltik dənizinin dərinliklərində partlayıcı qurğuların yerləşdirilməsini tələb edən əməliyyatı həyata keçirməyə qadir olub-olmaması ilə bağlı sualları olub.

Sentyabr ayında “Şimal axını”nda partlayış və qaz sızması baş verib. Sızma sentyabrın 26-da aşkar edilib. Almaniya, İsveç və Danimarka hakimiyyət orqanları insidentlə bağlı birgə araşdırma aparır.

Samir

0