Paşinyan Türkiyəyə görə referenduma gedir? - ŞƏRH

13:54 / 19.06.2023
952

"Ermənistan Konstitusiyasında Türkiyənin şərq vilayətləri Ermənistanın tarixi torpaqları kimi qeyd olunub. Bu isə faktiki olaraq ərazisi iddiasıdır".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Turan Rzayev deyib.

O vurğulayıb ki, Ermənistanın gerbində də Ağrı dağı qeyd olunub:

"Bütün bunlar isə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına problem yaradır. Mütləq şəkildə bu istiqamətdə dəyişikliklərə ehtiyac var. Türkiyə tərəfi də dəfələrlə bunu qeyd edib. Həmçinin, cənab Prezident İlham Əliyevin çıxışlarında da bu məsələyə toxunulduğunun şahidi olmuşuq. Bu baxımdan, Ermənistanın Baş naziri Nikol Paşinyanın dövlət gerbini dəyişməyə çalışması müsbət addımdır. Bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində atılan müsbət addım kimi qiymətləndirmək olar. Rəsmi Ankara bunu uzun müddətdir tələb edir və İrəvan da qəbul etsə, münasibətlər normallaşar".

328443

Politoloq bildirib ki, Qərb Ermənistana Türkiyəyə görə təzyiqlər edir:

"Əslində Türkiyə 1915-ci il hadisələrilə bağlı "soyqırım" deyil, bir insident baş verdiyini deyərək Ermənistana başsağlığı verib. Yəni bu, Türkiyənin müsbət addımı idi və Ermənistan tərəfinin də belə addımlar atması lazımdır. Hesab edirəm ki, Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və bunu rəqəmlərlə qeyd etməsi həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması baxımından müsbət addım kimi qiymətləndirilə bilər. 

Bu gün Avropada Paşinyana qarşı ciddi ölçüdə təzyiqlər var və bu təzyiqlər də Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hesablanıb. Yəni Qərb Ermənistanın Baş nazirindən münasibətlərin normallaşdırılmasını tələb edir. Bu tələbin də ən önəmli şərtlərindən biri Konstitusiyada dəyişiklik etməkdir. Əslində Paşinyanın bu açıqlaması Ermənistanda Konstitusiyanın dəyişilməsi istiqamətində referendum keçirilməsinin anonsudur. Düşünürəm ki, belə bir referendum da keçiriləcək".

Qeyd edək ki, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın dövlət gerbində Ağrı dağının olmasını tənqid edərək, gerbin dəyişdirilməsini təklif etmişdi.

Pərviz

0