Hazırda Ukraynanın əlində Rusiya nüvə silahlarının artıq Belarusa daxil olması ilə bağlı heç bir sübut yoxdur.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi Fedir Venislavski brifinqdə bildirib.
"Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat üzrə Ali Şurasının komitəsinin qapalı iclasında biz Ukraynanın kəşfiyyat ictimaiyyətinin nümayəndələrini dinlədik. Hazırda bizim nüvə silahının artıq Belarus Respublikasının ərazisinə köçürülməsinə dair real sübut bazamız yoxdur", deyə o bəyan edib.
Eyni zamanda, Venislavski Belarus hakimiyyətinin əvvəllər bəyan etdiyi məlumatı təsdiqləyib ki, ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün anbarlar artıq hazırlanıb.
Onun sözlərinə görə, hazırda Ukrayna hakimiyyəti beynəlxalq ictimaiyyətlə birlikdə Belarusda nüvə silahının real görünməsi halında yaranacaq təhlükənin qarşısını almaq üçün çalışır.
Qeyd edək ki, bu ilin martında Vladimir Putin Rusiya nüvə arsenalının bir hissəsini Belarus ərazisinə köçürmək planlarını açıqlayıb. Onun sözlərinə görə, Belarusda taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisi başa çatır və iyulun 1-dək hazır olacaq.
Keçən həftə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın nüvə silahlarının artıq Belarusa gəlməyə başladığını bildirib. Eyni zamanda o, prosesin hələ bitmədiyini də etiraf edib.
Samir