ABŞ dövlət katibi Entoni Blinken Pekinə səfərindən sonra bildirib ki, Çin hakimiyyəti ABŞ-ı Ukraynada istifadə etmək üçün Rusiyaya ölümcül silah yardımı etmədiyinə inandırıb.
HİT.az xəbər verir ki, Blinken Vaşinqtonun bunun əksini təsdiq edən sübutlara sahib olmadığını bildirib.
“Biz və digər ölkələr Çindən Ukraynada istifadə üçün Rusiyaya ölümcül silah yardımı etməyəcəyinə dair zəmanət almışıq. Biz bunu yüksək qiymətləndiririk və bununla ziddiyyət təşkil edən dəlil görməmişik”, deyə Blinken bildirib.
Dövlət katibinin sözlərinə görə, ABŞ Çin şirkətlərinin Moskvanı Rusiyanın hərbi münaqişədə istifadə edə biləcəyi texnologiya ilə təmin edə biləcəyindən narahatdır. O qeyd edib ki, ABŞ Çindən bu məsələdə çox diqqətli olmasını istəyib.
Aprelin 13-də “The Washington Post” Pentaqonun sızdırılmış sənədlərinə istinadən yazıb ki, Çinin mərkəzi hərbi komissiyası Rusiyaya "ölümcül yardım" göstərilməsini təsdiqləyib. Pentaqonun adı açıqlanmayan iki mənbəsi nəşrə bildirib ki, ABŞ-ın Çinin Rusiyaya silah göndərməsi ilə bağlı heç bir sübutu yoxdur.
Fevral ayında Entoni Blinken bildirmişdi ki, Çin Rusiyaya "öldürücü olmayan" hərbi yardım edir və silah göndərməyi düşünür. Çin Xarici İşlər Nazirliyi bunu spekulyasiya adlandırıb. Mart ayında ABŞ prezidenti Co Bayden demişdi ki, Çin hələlik Rusiyaya hərbi yardım göstərmir, lakin gələcəkdə bunu edə bilər.
Samir