Monqolustanın 17 regionunda 137 təbii vəba ocağı aşkar edilib.
HİT.az xəbər verir ki, bu barədə Monqolustan Zoonoz Xəstəliklərin Tədqiqi üzrə Milli Mərkəzi 25-ci beynəlxalq konfransda məlumat verib.
Yüksək risk zonasına Rusiya və Çinlə sərhəddə yerləşən qərb bölgələri daxildir, burada hər il vəbaya yoluxma halları qeydə alınır.
“30 il ərzində aparılan müşahidələr nəticəsində Çinlə sərhəddə yerləşən Xod vilayətində 32 sakin xəstələnib, onlardan 13-ü dünyasını dəyişib. Son on ildə orada yoluxma artıb. Xovdda 2020 və 2022-ci illərdə vəbaya yoluxma və insan ölümü halları qeydə alınıb”, deyə bildirilir.
Monqolustanın səhiyyə naziri Sodnomyn Çinzoriq ölkədə maldarlığın fəal inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, Monqolustanda əhalinin sayından 20 dəfə çox ev heyvanı var. Bu səbəbdən ölkədə zoonoz infeksiyaların yayılma riski yüksəkdir.
Vəbanın təbii ocaqlarının aşkar edildiyi Rusiya sərhədinə ən yaxın bölgə Tuva ilə həmsərhəd Uvsdur. Sonuncu dəfə Uvs vilayətində tədqiqatlar 2022-ci ildə aparılıb, o zaman Rusiya və Monqolustan epidemioloqları xəstəliyin təbii ocağının aktivliyinin artdığını aşkar ediblər.
Vəba karantin infeksiyaları qrupunun kəskin təbii ocaqlı yoluxucu xəstəliyidir. Vəba hərəkətsiz qram-mənfi bakteriya Yersinia pestis tərəfindən törədilir. Vəba qurdlar, tülkülər, pişiklər, porsuqlar və digər heyvanlar vasitəsi ilə yayıla bilər. Ancaq çox vaxt gəmiricilər və laqomorflar təbiətdə infeksiyanın əsas mənbəyi hesab olunur.
Xəstəlik xəstə heyvandan insana, o cümlədən ət yemək zamanı keçir. Təbii infeksiya ocaqları Avstraliya və Antarktida istisna olmaqla, bütün qitələrdə mövcuddur.
Samir