Hindistan ABŞ-dan 3 milyard dollarlıq PUA alır

DÜNYA
16:41 / 23.06.2023
704

Hindistan və ABŞ Amerikanın MQ-9B pilotsuz təyyarələrinin tədarükü ilə bağlı razılığa gəliblər. Nyu Dehli onlardan bəzilərini Çinlə sərhəddəki mübahisəli ərazilərdə patrul yerləşdirmək üçün istifadə etməyi planlaşdırır.

HİT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Qeyd olunur ki, sənəd cümə axşamı Hindistanın baş naziri Narendra Modinin Vaşinqtona səfəri zamanı imzalanıb. Hindistan təxminən 3 milyard dollarlıq müqavilə çərçivəsində 30-a yaxın MQ-9B yüksək hündürlükdə uçan pilotsuz təyyarə alacaq.

Hindistan rəsmiləri nəşrə bildiriblər ki, bu dronlardan bəziləri Hindistanda yığılacaq. Onların təxminən yarısının Hindistan Hərbi Dəniz Qüvvələrinə veriləcəyi, qalanlarının isə Hindistan Ordusu və Hərbi Hava Qüvvələri tərəfindən müşahidə uçuşları üçün istifadə ediləcəyi gözlənilir.

Nəşr vurğulayır ki, Hindistan-Çin sərhədində 2020-ci ildə eskalasiya baş verməzdən əvvəl Hindistan sərhəd bölgələrinə əsasən patrul nəzarəti təşkil edib. Lakin baş verənlər Yeni Dehlini təhlükəsizliyin təmin edilməsinə yanaşmalarını yenidən nəzərdən keçirməyə vadar edir.

Hindistan və Çin arasında şimal-şərqdəki Arunaçal Pradeş əyalətində, eləcə də Kəşmirin şimalındakı dağlıq ərazidə demək olar ki, 60.000 kvadrat kilometr ərazinin mülkiyyəti ilə bağlı uzun müddətdir davam edən ərazi mübahisəsi var. Bu regionda ölkələr arasında sərhədi əvəz edən Faktiki Nəzarət Xətti Ladax bölgəsindən keçir.

Samir

0