"Priqojinin başqa yolu yox idi" - ŞOK AÇIQLAMA

DÜNYA
14:49 / 25.06.2023
984

"Dünən Rusiyada baş verənlər quldurların qarşıdurması idi".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Azər Qasımlı deyib.

O bildirib ki, hər kəs bir daha Rusiyada quldur və avtoritar bir rejimin olduğunu gördü:

"Yengeni Priqojin və "Vaqner" özəl hərbi şirkəti də bu avtoritar rejimin tərkib hissəsi idi. Ümumiyyətlə, belə bir təşkilatın olması Rusiya Konstitusiyasına zidd idi. Priqojin də birinci dəfə deyildi ki, Konstitusiyaya zidd hərəkətlər edirdi. Amma ona bunu etmək üçün "yaşıl işıq" yandırılmışdı. Nəticə etibarilə, Ukraynada müəyyən funksiya yerinə yetirirdi. Bu proseslər də göstərdi ki, "Vaqner" Ukraynada dünən də, bu gün də vuruşan ən güclü hərbi strukturdur. Sadəcə bu qruplaşma nəzarətdən çıxırdı və onu cəzalandırmaq lazım idi. İyulun 1-nə qədər "Vaqner" ilə Rusiyanın Müdafiə Nazirliyi arasında müqavilə imzalanmalı idi. Bununla da, onun bütün tərkibi Müdafiə Nazirliyinin tabeçiliyinə veriləcəkdi. 

Əlbəttə ki, Priqojin bunu istəmirdi və özü də başa düşürdü ki, bu, baş verəcəyi təqdirdə, o, "lazımsız bir elementə" çevriləcək. Sonra isə onu aradan götürə bilərdilər. Özü də gözəl bilirdi ki, quldur bir rejimdə onun üçün bu son gələcəkdi. Ona görə də belə riskli bir oyuna getdi".

328907

Politoloq qeyd edib ki, heç kim Priqojindən bunu gözləmirdi: 

"Düzdür, nə isə edəcəyinə dair ehtimal var idi, amma bu şəkildə riskli bir oyuna gedəcəyi təxmin edilmirdi. Amma o, öz təhlükəsizliyi naminə buna getdi. Çünki özü də başa düşürdü ki, onun başqa çıxış yolu yox idi. Düşünürəm ki, bu riskli oyuna rəğmən, Priqojin müəyyən şeyləri hesablamışdı. Proseslərdə onun bir neçə saata Moskvaya gedib çıxacağını göstərirdi. Sanki onun qarşısını heç kim almaq istəmirdi və ya almaq iqtidarında deyildilər. Görünən odur ki, Priqojin bunları müəyyən mənada hesablanmışdı. Nəticədə, o, bəzi təhlükəsizlik zəmanətləri aldı. Amma məncə, o təhlükəsizlik zəmanətləri müvəqqətidir. Hazırda isə "Vaqner"in bundan sonrakı aqibəti necə olacağı və Sergey Şoyqunun vəzifəsindən çıxarılıb-çıxarılmayacağı ilə bağlı məlumatlarımız yoxdur".

Azər Qasımlı vurğulayıb ki, hamı Vladimir Putin hakimiyyətinin çox həssas olduğunu və xalqın onu dəstəkləmədiyini gördü:

"Heç kim tankların önünə çıxmağa və ya dövlət çevrilişinin qarşısını almağa cəhd belə etmədi. Hətta Rostovda insanların bir qismi "Vaqner"i müdafiə edirdi. Görünən odur ki, Rusiyada istənilən zaman çevriliş ola və hakimiyyət dəyişə bilər. Yəni vəziyyət bu qədər ağırdır. 

Hesab edirəm ki, Putin legitimlik məsələsində böyük bir zərbə aldı. Bundan sonra onun uzun müddət hakimiyyətdə qala bilməyəcəyini demək olar. Əsas nəticə bundan ibarətdir. Fikrimcə, bundan sonra Rusiyada hakimiyyət daxilində güc strukturlarında Putini kimin əvəz edə biləcəyi ilə bağlı suallar yaranacaq. Bununla bağlı da artıq işlər və axtarış başlayacaq. Çünki hər kəs başa düşdü ki, Putin artıq qeyri-legitimdir və ölkənin bütövlüyünün qarantı deyil".

Pərviz

0