Hindistan neft emalı zavodları Rusiyadan tədarük olunan neftin bir hissəsini Çin yuanı ilə ödəməyə başlayıb.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Moskva Qərbin sanksiyaları fonunda tədarük üçün ödənişlərdə ABŞ dollarına alternativ axtarır və yuan Hindistanın timsalında belə bir alternativə çevrilib. Hindistan hökumətindəki mənbə agentliyə bildirib ki, əgər Rusiya bankları dollarla ödənişləri qəbul etmirsə, neft emalı zavodları ödənişi yuanla həyata keçirir.
“Hindistan dəniz yolu ilə nəql edilən Rusiya neftinin ən böyük alıcısına çevrilir, baxmayaraq ki, ölkə yanacağın ödənişi üçün əsas valyuta ilə bağlı yekun qərar qəbul etməyib. ABŞ dolları uzun müddətdir ki, Hindistanın alqı-satqısı da daxil olmaqla, əsas dünya neft valyutası olub. Amma indi yuan Rusiyanın maliyyə sistemində getdikcə daha mühüm rol oynayır, çünki beynəlxalq sanksiyalar Moskvanı dollar və avro ilə maliyyə şəbəkələrinə çıxışdan məhrum edib", deyə "Reuters" yazıb.
Nəşr qeyd edir ki, Çin də Rusiyadan enerji idxalının böyük hissəsi üçün yuana keçib. Məqalədə əlavə edilib ki, Rusiya bu ilin birinci rübündə Səudiyyə Ərəbistanını keçərək Çinə ən böyük xam neft tədarükçüsü olub.
Samir