Rusiya bazarını daha 13 beynəlxalq şirkət tərk etdi - Neçəsi gedib, neçəsi qalıb?

DÜNYA
08:50 / 04.07.2023
813

İyun ayında 13 beynəlxalq şirkət, o cümlədən dünyanın ən böyük avtomobil şinləri istehsalçılarından biri olan "Michelin Group", Almaniyanın "Bosch" şirkəti və Amerikanın 3M kimya korporasiyası Rusiya bazarını tərk edib.

Hit.az xəbər verir ki, bu barədə Kiyev İqtisadiyyat İnstitutunun (KSE) araşdırmasında deyilir.

Analitiklər qeyd edirlər ki, bu günədək ümumilikdə 254 beynəlxalq şirkət Rusiyada fəaliyyətini tamamilə dayandırıb. Həmçinin 1191 əcnəbi biznes fəaliyyətini dayandıraraq ölkəni tərk etmək niyyətini açıqlayıb.

"Eyni zamanda, KSE İnstitutu tərəfindən monitorinq edilən şirkətlərdən 1352 (ümumi sayın 40,8%) heç bir dəyişiklik olmadan Rusiya bazarını tərk etmək niyyətində deyil. Daha 519 (ümumi sayının 15,7%) xarici biznes Rusiyaya yeni sərmayələri dayandırıb və gözləməyə davam edir”, deyə araşdırmada qeyd edilir.

Monitorinq məlumatlarına görə, Rusiya bazarını tamamilə tərk edən 254 beynəlxalq şirkət ən azı 417,5 min iş yeri təmin edib, onların illik gəliri 62,2 milyard dollar, kapitalı 28,6 milyard dollar qiymətləndirilir. Bu şirkətlərin aktivlərinin dəyəri isə 52,4 milyard dollara çatıb.

KSE İnstitutunun ekspertləri qeyd edirlər ki, 2023-cü il iyunun sonuna 35 ölkədən və iqtisadiyyatın 39 sektorundan şirkətlər artıq Rusiya bazarını tərk edib. Onların əksəriyyəti ABŞ, Almaniya, Finlandiya, Böyük Britaniya və Fransada yerləşir və avtomobil, enerji, neft, qaz, elektronika, istehlak malları, geyim, qida və içki sənayelərində çalışıblar.

Samir

 

0