Bayden onu NATO-nun baş katibi postunda görmək istəyir

DÜNYA
10:03 / 05.07.2023
430

ABŞ prezidenti Co Bayden Avropa Komissiyasının sədri Ursula fon der Leyeni 2024-cü ildə NATO-nun növbəti baş katibi təyin etməkdə israrlıdır.

HİT.az bu barədə “The Telegraph” nəşrinə istinadən xəbər verir.

Daha əvvəl bildirilmişdi ki, Ağ Ev bu vəzifə üçün müraciət etmiş Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin namizədliyini rədd edib. Çərşənbə axşamı NATO müttəfiqləri 2014-cü ilin oktyabrından vəzifədə olan hazırkı baş katib Yens Stoltenberqin mandatını 2024-cü ilin payızına qədər uzatmağa razılaşıblar.

NATO liderləri gələn həftə Vilnüsdə keçiriləcək illik sammitdə onun varisi ilə bağlı razılığa gəlməyə ümid edirdilər, lakin namizədlə bağlı hələlik razılıq yoxdur.

NATO-dakı mənbə bildirib ki, ABŞ prezidenti əvvəllər Almaniyanın müdafiə naziri olmuş fon der Leyeni gələcəkdə Stoltenberqin yerinə keçməyə razı salmağa çalışır. Qeyd olunur ki, o, Baydenlə son illərdə Çin, Ukrayna və iqlim dəyişikliyi ilə bağlı fəal şəkildə qarşılıqlı əlaqədə olub.

Avropa Komissiyasının prezidentinin kəşfiyyat məsələlərində Vaşinqtona güvəndiyi, Rusiyanın Ukraynaya müdaxilə perspektivlərini yanlış qiymətləndirən Avropa xüsusi xidmət orqanlarının verdiyi məlumatlara az etibar etdiyi deyilir.

Fon der Leyenin Baydenlə şəxsi söhbətində ən azı gələn ilə qədər NATO vəzifəsini tuta bilməyəcəyini deyib. Onun gələn il keçiriləcək Avropa seçkilərində Avropa Komissiyasındakı hazırkı mövqeyini qorumaq üçün mübarizəyə rəhbərlik edəcəyi gözlənilir.

Lakin fon der Leyenin Avropa Parlamentinin dəstəyini alacağına şübhələr var, çünki onun “yaşıl” siyasətinə qarşı çıxan sağçı deputatlar ittifaq yaratmaq niyyətindədirlər.

Qeyd edək ki, Alyansın baş katibinin təyin olunması üçün 31 üzvün konsensus əldə etməsi vacibdir.

Samir

0