Sumqayıtda 1 milyon 300 minlik abadlıq - İcra Hakimiyyətinin sevimli şirkəti yenə qalib oldu

DÜNYA
16:20 / 05.07.2023
633

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfat İstehsalat Birliyi (MKTİB) Sumqayıt şəhərində küçə və parklarda abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Hit.az xəbər verir ki, tendering qalibi “Azərenerji Təchizat” MMC olub. MKTİB abadlıq işlərinə 1.299.866,17 AZN xərcləyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Azərenerji Təchizat” MMC 26 noyabr 2019 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi Çobanov Famil Eldar oğludur.

Şirkətin qanuni təmsilçisi əvvəllər Qafurzadə Xəyal Səlim oğlu olub. 2021-ci ildə reyestr məlumatlarına dəyişiklik edilib. Güman ki, bununla da qanuni təmsilçi dəyişib.

Açıq mənbələrdə “Azərenerji Təchizat” MMC və Famil Çobanov barəsində hər hansı məlumat yoxdur. Araşdırmalarımız zamanı bəlli olub ki, "Azərenerji Təchizat” MMC əsasən Sumqayıtın yerli qurumlarının elan etdiyi tenderlərin qalibi olur. İki ildir fəaliyyət göstərməsinə baxmayaraq, şirkət bir neçə iri məbləğli tender qazanıb. 

“Azərenerji Təchizat” MMC təkcə 2023-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların 4 tenderini qazanıb. Bura indi bəhs etdiyimiz tender də daxildir. Şirkətlə bağlanan satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 3 101 977, 15 manat təşkil edir. 

Anar

0