"Taxıl sazişi"nin ləğvinin Azərbaycana hansı təsirləri olacaq? - AÇIQLAMA

DÜNYA
14:44 / 06.07.2023
833

“Hazırda dünyanın 25% taxıl ehtiyatını tədarük edən iki ölkə arasında müharibə gedir. Bu isə Azərbaycan da daxil olmaqla, Rusiya və Ukraynadan taxıl tədarükünü həyata keçirən ölkələr üçün ciddi problem yaratmağa başlayıb”. 

Bu sözləri HİT.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov deyib.

O bildirib ki, həqiqətən də qida böhranı məsələsi ön plana çıxırdı:

“Bunun qarşısını almaq üçün ötən il ərzində BMT-nin baş katibi və Türkiyənin vasitəçiliyi ilə “Taxıl sazişi” imzalandı. Bu ilin əvvəllərində bu sazişin müddəti bitirdi, amma yenidən onun 4 ay uzadılması ilə bağlı məsələ gündəmə gəlmişdi. Buna baxmayaraq, sadəcə 2 ay müddətinə uzadılmışdı. Məsələ bundan ibarət idi ki, müharibənin başladığı ilk vaxtlar Ukraynanın bir çox əraziləri işğal altına düşdüyü üçün dənizə çıxışında ciddi şəkildə məhdudiyyət yaranmışdı. Hətta bir dönəm Ukrayna konkret olaraq limanlardan məhrum qaldı. Dünyada baş verən bir çox qida böhranını önləmək üçün “Taxıl sazişi” meydana gəldi. Sonuncu dəfə bunun uzadılmasını ilə bağlı məsələ gündəmə gələndə Rusiya özünün 5 şərtini irəli sürdü. Amma artıq Ukraynadakı müharibə elə bir həddə çatıb ki, bir çox şeylər nəzarətdən çıxıb. Həqiqətən də Rusiyanın və Ukraynanın iqtisadiyyatına ciddi zərər dəyib".

329439

Ekspert qeyd edib ki, “Taxıl sazişi” uzadılmayacaqsa, bunun Azərbaycana da müəyyən mənada təsirləri olacaq:

"Azərbaycan hazırda daxili taxıl təlabatını həyata keçirmək üçün istehsal etdiyi qədər də tədarük edir. Bunu da Rusiya, Qazaxıstan və Ukrayna kimi ölkələrdən edir. Rusiyaya tətbiq olunan sanksiyalar və bütün resursların müharibəyə sərf olunması kimi problemlər var. Ən çox taxıl tədarükünü Rusiyadan etməyimizə baxmayaraq, taxılla bağlı ən önəmli tərəfdaşımız Ukrayna idi. Qazaxıstanda isə taxıl qiymətləri o qədər ucuz idi ki, Mərkəzi Asiyadakı ölkələr birbaşa oradan alırdılar. Tələb artdığı üçün qiymətlər də artdı. Ona görə Azərbaycan ötən ildən etibarən taxıl istehsalını artırmağa başladı. Amma yenə də bunun azlıq təşkil edəcəyini düşünürəm".

Asif İbrahimovun fikrincə, "Taxıl sazişi" uzadılmayacaq:

"Taxıl istehsalçılarının bir sıra subsidiyalarının artırılmasına zərurət var. Bu sahədə təşviqetmə mexanizmlərini işə salmaq lazımdır. İstehsalçı su, gübrə və yaxud da texnika ilə bağlı problem yaşamamalıdır. Bu məsələ ilə bağlı ciddi addımlar atılmalıdır".

Pərviz

0