Son günlərdə Mixail Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi yenidən gündəmə gəlib.
Xüsusilə onun həddindən artıq çəki itirməsi və həyatının təhlükədə olması bu addımın atılmasının sürətlənməsini istəyənlərin sayını durmadan artırır. Rəsmi Kiyev uzun müddətdir bu məsələ ilə bağlı çalışmalar aparsa da, istəyinə nail ola bilməyib. Son olaraq Ukrayna Prezidenti Volodimir Zelenski bir daha Gürcüstandan Saakaşvilinin ekstradisiyanı tələb etdi. Rəsmi Tiflis isə sözügedən tələbi bir daha rədd edərək, bunu müzakirə belə etmədi. Ardınca isə Gürcüstanın səfiri Kiyevi tərk etdi.
Ümumiyyətlə, Mixail Saakaşvili yaxın zamanda Ukraynaya ekstradisiya oluna bilərmi?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, ekstradisiya iki ölkə arasındakı qarşılıqlı müqavilələr nəticəsində olmalıdır:
"Amma bu hüquqi məsələdən daha çox siyasi məsələdir. Çünki Mixail Saakaşvilinin Gürcüstana gəlişi ilə Ukraynaya hücum etməyə hazırlaşan Rusiyanın arxasında ikinci cəbhə açmaq məqsədi güdürdü. İndi də Kreml məhz onun cəzasını verir. O baxımdan da, Saakaşvilinin bir az Qərb və Rusiya arasındakı toqquşmanın qurbanına çevrildiyini hesab etmək olar. Ukraynanın onun ekstradisiyasını məcburi şəkildə reallaşdıra biləcəyini isə düşünmürəm. Çünki bunu həyata keçirmək çətindir. Həmçinin, rəsmi Kiyevin konkret tələblər və ya hüquqi yollarla Gürcüstanı qorxudaraq buna nail olması da real görünmür. Bəlkə Gürcüstan hansısa formada özü buna razılıq verə bilər. Amma o da indiki şəraitdə həqiqətə uyğun görünmür".
Pərviz