Avstriyanın xarici işlər naziri Klaudia Tanner və onun isveçrəli həmkarı Viola Amherd Berndə iki ölkənin qitə miqyasında Avropa Səma Qalxanı hava hücumundan müdafiə layihəsinə qoşulmaq niyyəti ilə bağlı bəyannamə imzalayıblar.
HİT.az xəbər verir ki, hər iki ölkə Avropanın Səma Qalxanı təşəbbüsündə iştirak etməklə öz neytral statuslarını pozmayacaqlarına inanırlar.
Tanner daha əvvəl bildirmişdi ki, Avstriya 2024-cü ildən başlayaraq qısa və orta mənzilli raketlərdən qorunacaq və onun hava məkanı 2025-ci ildə tam əhatə olunacaq. Bu arada Avstriyanın müxalif Azadlıq Partiyasının sədri Herbert Kikl ölkə hakimiyyətini Vyananın ümumavropa hava hücumundan müdafiə layihəsində iştirakı ilə bağlı ümummilli referendum keçirməyə çağırıb.
2022-ci ildə Almaniya vahid Avropa raket əleyhinə və hava hücumundan müdafiə sisteminin yaradılması və qısa, orta və uzun mənzilli raket əleyhinə və hava hücumundan müdafiə silahlarının birgə alınmasını təmin etmək üçün Avropanın Səma Qalxanı təşəbbüsünü irəli sürüb. Təşəbbüsə qoşulan ölkələrin hər biri hansı silahı alacağına qərar verməkdə sərbəstdir. Bu addımın yerli müdafiə sistemləri istehsalçılarına investisiyaları artıracağı gözlənilirdi. Bununla belə, Fransa istehsalçılarının gözləntilərinin əksinə olaraq, Almaniya istehsalı olan orta mənzilli İris-T raketlərinə, ABŞ istehsalı olan uzun mənzilli Patriot raketlərinə və İsrail istehsalı olan Arrow-3 ultra uzun mənzilli raketlərə üstünlük vermə planlarını açıqlayıb. 17 Avropa ölkəsi Almaniyanın rəhbərlik etdiyi Avropa Səma Qalxanı təşəbbüsünü dəstəkləyib, lakin Fransa, İtaliya və Polşa ona qoşulmaqdan imtina ediblər.
Samir