NATO Alyansla Ukrayna arasında münasibətlərin iki modelini nəzərdən keçirir. Birinci variantda təhlükəsizlik zəmanətlərinin verilməsi, ikinci variantda İsrail modeli üzrə yardımın nəzərdə tutulur.
HİT.az xəbər verir ki, bu barədə “Financial Times” yüksək rütbəli avropalı mənbəyə istinadən yazır.
“Ya investisiya baxımından baha başa gələn, özlərini qoruya biləcəklərini güman edən İsrail modeli, ya da ehtiyac duyduqları halda onları qoruyacağımız NATO modeli”, deyə adı açıqlanmayan mənbə bildirib.
Qəzetin yazdığı kimi, ABŞ Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxmaqda davam edir. Onların mövqeyi ondan ibarətdir ki, Avropa ölkələri öz müdafiələrinə daha çox diqqət yetirməlidirlər, nəinki Alyansa başqa bir Avropa ölkəsini qatmalıdırlar.
Nəşr onu da qeyd edir ki, bəzi ölkələr xüsusilə artan inflyasiya və büdcə təzyiqi şəraitində vergi ödəyicilərindən əhəmiyyətli vəsait tələb edən öhdəliklər üçün tələb oluna biləcək mümkün xərclərdən narahatdırlar.
İyulun 11-12-də keçirilməsi planlaşdırılan NATO sammiti Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasından bəri dördüncü olacaq. Əvvəllər Alyans bunu iki ildən bir keçirirdi. Sammitin ilk günündə dövlət başçılarının görüşü və Alyansın fəaliyyətinə həsr olunmuş ictimai forumun keçirilməsi planlaşdırılır. İkinci gün isə dövlət və hökumət başçılarının görüşü baş tutacaq.
Tədbirdə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı gözlənilir. NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə Ukraynaya uzunmüddətli dəstək paketinin təsdiq edildiyini açıqlayıb ki, bu da ölkəni Alyansa mümkün üzvlüyə yaxınlaşdıracaq.
Bundan əvvəl "Politico" dörd yüksək vəzifəli mənbəyə istinadən xəbər vermişdi ki, hazırda NATO-ya üzv bəzi ölkələr iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammit ərəfəsində Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə razılığın əldə edilməsi üçün fəal danışıqlar aparır.
İyulun 8-də ABŞ prezidenti Co Bayden Kiyevə İsrail modeli ilə bağlı dəstək verməyə hazır olduğunu bildirib. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan izah edib ki, Qərb ölkələri ikitərəfli təhlükəsizlik öhdəliklərinin təmin edilməsinə dair çoxtərəfli sazişlər hazırlamalıdır. Vaşinqton Ukraynaya uzunmüddətli hərbi yardım göstərməyə sadiqdir.
Samir