Kreml təsdiqlədi: Putin qiyamdan sonra Priqojinlə görüşüb – Nədən danışılıb?

DÜNYA
16:44 / 10.07.2023
446

Rusiya prezidenti Vladimir Putin üsyandan sonra "Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinlə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, silahlı qiyamdan 5 gün sonra, iyunun 29-da Putin özü biznesmeni və muzdluların 35 dəstə komandirini Kremlə dəvət edib.

Peskov görüşün təxminən 3 saat davam etdiyini, onun təfərrüatlarının məlum olmadığını açıqlayıb. O, sadəcə qeyd edib ki, Putin 24 iyun hadisələri ilə bağlı "qiymətini verib”, həmçinin muzdlulara "işlə təminat” və "sonrakı döyüşdə istifadə variantları” təklif edib.

"Komandirlər özləri baş verənlərlə bağlı öz versiyalarını təqdim ediblər və vurğulayıblar ki, onlar dövlət başçısının və Ali Baş Komandanın sadiq tərəfdarları və əsgərləridir. Onlar həmçinin vətənləri üçün döyüşməyə davam etməyə hazır olduqlarını söyləyiblər", - deyə Peskov bildirib.

0