"Sözsüz ki, Azov batalyonunun komandirlərinin Ukraynaya təhvil verilməsi Rusiya-Türkiyə münasibətlərini bir qədər pozacaq".
Bu sözləri HİT.az-a açıqlama verən politoloq Azər Qasımlı deyib.
Lakin o vurğulayıb ki, Rusiyanın Türkiyəyə daha çox ehtiyacı var:
"Rusiya tərəfindən bununla bağlı narazılıqlar bildiriləcək və Türkiyəni tənqid edəcəklər. Hər halda digər diplomatik qapalı kanallarla da öz etirazlarını bildiriblər. Düşünürəm ki, Kremlin indiki vəziyyətdə Türkiyəyə ehtiyacı var. Rusiya hazırda elə vəziyyətdədir ki, sanksiyalar və embarqolar qarşısında Türkiyə onlar üçün bir "nəfəslik"dir. Sözsüz ki, rəsmi Moskva bunu itirmək istəmir. Ona görə də, ruslar bu mövzunun üzərində o qədər çox qalmayacaqlar.
Rəcəb Tayyib Ərdoğan da bunu çox gözəl başa düşür. O da Ukrayna vasitəsilə bütün Qərbə bir reverans etmiş oldu. Çünki son vaxtlar dünyada Ərdoğan Rusiyaya yaxınlığı ilə bağlı çox tənqid olunurdu. Türkiyə Prezidenti bununla o tənqidlərə də bir növ cavab verdi. Ərdoğan da başa düşürdü ki, onsuz da Rusiya ondan asılı vəziyyətdədir. Bu da o qədər prinsipial bir məsələ deyil ki, Vladimir Putin bunun üstündən keçməsin. Nəticə etibarilə, bu məsələ münasibətlərin lap pisləşməsinə gətirib çıxarmayacaq. Sadəcə ruslar qeyd edəcək ki, Türkiyə istənilən zaman Rusiyanın əleyhinə addım ata bilər".
Politoloq hesab edir ki, Rəcəb Tayyib Ərdoğan Qərbin tənqidlərinə görə Vladimir Putinin Türkiyəyə səfər etməsini o qədər də istəmir:
"O əslində Putinin seçkidən əvvəl Türkiyəyə gəlməsini istəyirdi ki, bunu daxildə bir piara çevirsin. Amma bu, olmadı. İndi isə rəsmi Ankara bu səfərin baş tutmasında maraqlı deyil. Çünki Rusiya Prezidenti ora getsə Türkiyə tərəfinin Putini Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verəcəyi iddia olunur. Fikrimcə, Türkiyə hakimiyyəti də bu söz-söhbətlərin olmasını istəmir. Ona görə də Qərbdən tənqidlər olmaması üçün Putinin Türkiyəyə səfər etməsini istəmirlər. Hesab edirəm ki, Azov batalyonunun komandirlərini Ukraynaya təhvil verməklə həm də mesaj ötürdülər. Bir ehtimal olaraq deyirəm ki, bu oyunu da oynamış ola bilərlər. Düzdür, sözdə Putinin gəlməsini istədiklərini deyirlər, amma reallıqda ola bilsin ki, onun gəlməsini heç istəmirlər. Çünki bu səfər lazımsız söz-söhbətə səbəb olacaq".
Pərviz