Pakistanda seçkilər keçiriləcək.
Belə ki, Nazirlər Kabineti parlamentin aşağı palatasının səlahiyyət müddəti başa çatdıqdan sonra avqustda istefa verəcək. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif açıqlayıb.
O bildirib ki, hökumət 14 avqusta qədər istefa verəcək:
"Bu da Pakistanda növbəti seçkiləri iki aydan sonra - oktyabr və ya noyabrda keçirməyə imkan verəcək. Bununla bağlı yekun tarixi isə Mərkəzi Seçki Komissiyası müəyyənləşdirəcək".
Qeyd edək ki, Şahbaz Şərifin bu açıqlaması sabiq baş nazir İmran Xan tərəfdarlarını da həyəcanlandırıb. Onlar, bu seçkinin Xanın yenidən hakimiyyətə qayıtması üçün bir təkan ola biləcəyini düşünürlər.
Ümumiyyətlə, İmran Xan tezliklə hakimiyyətə qayıda bilər? Həqiqətən bu seçki onun üçün bir şans yaradacaq?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əslində bunun Şahbaz Şərifin hakimiyyətdən getməsinə və ya İmran Xanın yenidən iqtidara gəlməsinə heç bir aidiyyatı yoxdur:
"İmran Xan hazırda müxalif vəziyyətdədir və hakimiyyətə gəlmək istəyi hər kəsə bəllidir. Hətta onun tərəfdarları da bu istiqamətdə tez-tez aksiyalar keçirirlər. Amma Şərif ailəsinin mövqeyi və siyasi nüfuzu güclüdür. Ona görə də indiki məqamda İmran Xanın hakimiyyətə gəlməsi inandırıcı görünmür. Üstəlik, bununla bağlı da ona qarşı təzyiqlər var. Nəzərə almaq lazımdır ki, Şahbaz Şərif hakimiyyəti İmran Xanın həbs edilməsi ilə bağlı cinayət işi də başlatmışdı. Yəni bu tezliklə onun hakimiyyətə qayıtması real deyil".
Politoloq vurğulayıb ki, Pakistan siyasəti digər ölkələrdən seçilir və fərqlənir:
"Elə İmran Xanın hakimiyyətdən gedişi və Şahbaz Şərifin hakimiyyətə gəlişi də çox ani oldu. Çünki bu, gözlənilən deyildi. Amma nəticə etibarilə bu, baş verdi. İndiki məqamda da sürprizlər hər zaman ola bilər. Buna baxmayaraq, məhz bu seçkidən sonra İmran Xanın hakimiyyətə qayıdacağını düşünmürəm. Onlar, ən yaxşı halda parlamentdə səs çoxluğuna sahib ola bilərlər. Lakin bu, tam olaraq onun hakimiyyətə qayıtmasına gətirib çıxarmayacaq. Ümumiyyətlə, hazırkı Pakistan hakimiyyəti İmran Xan və tərəfdarlarına qarşı təqiblərini davam etdirir. Bu isə onlara böyük ölçüdə zərbə vurub".
Pərviz