İranın sünni lideri Mövləvi Əbdül Həmid teokratik rejimi növbəti dəfə tənqid edib.
Hit.az xəbər verir ki, o, Sistan və Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahedanda ötən il baş vermiş qanlı hadisəyə işarə edərək olayları pisləyən digər din alimlərini müdafiə edib.
O, eyni zamanda Zahedanda polis bölməsinə hücumu da qınayıb. Mövləvi Əbdül Həmid əyalətdə baş verən qətlləri pisləyib.
Sünni lider bildirib ki, polis bölməsinə hücumda onun hər hansı təqsiri yoxdur.
Məlumat üçün deyək ki, 2022-ci il sentyabrın 30-da Zahedan şəhərində 22 yaşlı Məhsa Əminin ölümü və bəluclu azyaşlı qızın polis rəisi tərəfindən zorlanmasına etiraz olaraq aksiya keçirilib. İranın təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını gülləbaran edib. Nəticədə 90 nəfər ölüb.
Bu hadisə Sistan və Bəlucistan vilayətində etirazların daha da alovlanmasına səbəb olub. Hətta iş o yerə çatıb ki, ölkədə məzhəb qarşıdurmasının baş verə biləcəyi barədə mülahizələr irəli sürülüb.
Mövləvi Əbdül Həmid İran hakimiyyətinin tənqidləri ilə tanınıb. O, bir neçə dəfə İranın ali rəhbəri Əli Xameneyiyə məktub yazaraq narazılıqlarını ifadə edib.
Anar