"Rusiyanın Ukraynaya müdaxiləsi təkcə ukraynalılar üçün deyil, bütün dünya üçün faciədir, BMT-nin əsas prinsiplərinin pozulmasıdır və buna görə də dünya birliyi Rusiyanın bu müharibədə qalib gəlməsinə imkan verə bilməz".
HİT.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Aİ ilə Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) ölkələri arasında yüksək səviyyəli görüşün açılışında çıxışı zamanı deyib.
“İndi biz burda danışarkən BMT Təhlükəsizlik Şurasının daimi üzvü qonşu ölkəyə hücum edir. Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsi Ukrayna və dünya üçün faciədir, ərzaq təhlükəsizliyi, enerji qiymətləri və qlobal iqtisadiyyat üçün dağıdıcı nəticələrə gətirib çıxarır”, deyə Şarl Mişel bildirib.
O, Rusiyanın Ukraynaya qarşı bu cinayətkar təcavüzünün BMT Nizamnaməsinin əsaslarını və fundamental prinsiplərini kobud şəkildə pozduğunu vurğulayıb:
“Ölkələrin (dünyanın - red.) böyük əksəriyyəti BMT Baş Assambleyası zamanı bu cinayətkar müharibəni pisləyən qətnamələrə səs verib. Bu planetdəki hər bir ölkə təhlükəsiz olmalıdır. Ona görə də Rusiyanın uğur qazanmasına imkan vermək olmaz. Bu, çoxtərəflilik və qaydalara əsaslanan sistem üçün fəlakət üçün resept ola bilər”.
Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması (CELAC) 2011-ci ildə yaradılıb və bu regionların 650 milyondan çox əhalisi olan 32 ölkəsini birləşdirir. Bu ölkələr regional siyasəti və iqtisadi əməkdaşlığı öz aralarında əlaqələndirirlər.
Samir