İranda həbsdə olan atası ilə iki ildir telefonla danışa bilməyən İran əsilli alman vətəndaşı Qazel Şahmərd atasının həyatına görə narahatdır.
Trend xəbər verir ki, İran əsilli alman vətəndaşı Cəmşid Şahmərd üç il əvvəl Dubayda işgüzar səfərdə olduğu vaxt zorla tutularaq İran həbsxanasına aparılıb. Ötən ilin fevralında isə İran hökuməti tərəfindən edama məhkum edilib.
İkili vətəndaşlığa malik C.Şahmərd ictimai şəkildə İran hökumətinə qarşı çıxdıqdan sonra molla rejiminin hədəfinə çevrilib. İran hökuməti onu ABŞ, Böyük Britaniya və Almaniya üçün casusluqda, çoxlu sayda terror hücumlarında ittiham edir. İran hökumətinin ittihamları Almaniya və Aİ siyasətçiləri tərəfindən əsassız və boş adlandırılıb. Cəmşid Şahmərdin həbsi "Amnesty International" tərəfindən də qınanılıb.
Üç ildir dünyadan təcrid edilərək təkadamlıq kamerada saxlanılan Cəmşid Şahmərdin qızı atasına həbsxanada əziyyət verildiyini iddia edir. Parkinson xəstəliyindən əziyyət çəkən kişiyə dərmanları vaxtlı-vaxtlı verilmədiyindən o düzgün şəkildə danışa və yeriyə bilmir, ağzında dişləri belə tökülüb - qızı bunun yaxşı qidalanmama və ya işgəncələrin nəticəsi olduğunu deyir.
Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının ötən ay yaydığı hesabatda ölkədə edamların rekord həddə çatdığı görünüb. Hesabata görə, bu ilin ilk 5 ayı ərzində İranda edamların sayı 307 nəfər olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.