Şimali Koreya hakimiyyəti Çin partiya-hökumət nümayəndə heyətinə Koreya müharibəsində atəşkəsin 70-ci ildönümündə iştirak etmək üçün ölkəyə səfər etməyə icazə verib.
HİT.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Qeyd edilib ki, atəşkəs sazişinin imzalanmasının 70-ci ildönümü ilə əlaqədar Şimali Koreyada genişmiqyaslı bayram tədbirlərinin, o cümlədən hərbi paradın keçirilməsi planlaşdırılır.
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvü Li Honçjonun başçılıq etdiyi nümayəndə heyəti qeyd etmələrdə iştirak etmək üçün ölkəyə səfər edəcək. Səfər Şimali Koreyanın hakim Fəhlə Partiyası Mərkəzi Komitəsinin və hökumətin dəvəti ilə baş tutacaq.
Bu, Şimali Koreyanın COVID-19 pandemiyasını əsas gətirərək, 2020-ci ildə sərhədini bağladıqdan sonra xarici qonaqları qarşılamasının ilk məlum nümunəsidir.
Ötən il Şimali Koreya və Çin arasında yükdaşımaları qismən bərpa edilib.
Koreya atəşkəs sazişi 27 iyul 1953-cü ildə imzalanıb. Sənədi BMT Komandanlığını təmsil edən ABŞ ordusunun general-leytenantı Uilyam Harrison, Koreya Xalq Ordusunu və Çin Xalq Könüllü Ordusunu təmsil edən Şimali Koreya generalı Nam İl imzalayıb.
Samir