BMT-nin baş katibi Antonio Quterreş Nigerdəki hərbi qiyamçıları prezident Mohamed Bazumu azad etməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə dünya təşkilatı rəhbərinin ofisinin BMT-nin saytında dərc olunmuş məlumatında deyilir.
Bəyanatda deyilir ki, baş katib iyulun 26-da elan edilən Nigerdə konstitusiyaya zidd hakimiyyət dəyişikliyini qətiyyətlə pisləyir:
“O, prezident Mohamed Bazumun saxlanmasından, təhlükəsizliyi və sağlamlığından narahatdır. O, bu əməldə əli olan bütün şəxsləri prezidenti dərhal və heç bir şərt qoymadan azad etməyə çağırır”.
Qeyd edək ki, Bazum dünən səhər saatlarında Prezident Qvardiyası üzvləri tərəfindən saxlanılıb. Xalq çevrilişin qarşısını almaq üçün küçələrə çıxıb və Bazumun azadlığa buraxılması üçün etiraz aksiyası keçirib.
Çevrilişin arxasında 10 ilə yaxın Prezident Qvardiyasının komandiri vəzifəsində çalışmış general Ömər Çianinin olduğu bildirilir.
Özlərini "Vətənin Mühafizəsi üzrə Milli Şura (VVŞ)” adlandıran bir qrup əsgər dünən axşam dövlət televiziyasında çevriliş bəyanatı oxuyub və sarayı ələ keçirdiklərini bildiriblər.
Samir