Rusiya və Türkiyə arasındakı gərginlik bitir? - RƏY

DÜNYA
12:41 / 03.08.2023
682

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı oldu.

Bu, bir müddətdir aralarında gərginlik olduğu müşahidə olunan ölkələr arasında münasibətlərin düzəldilməsi üçün atılan addım kimi dəyərləndirildi. Üstəlik, Putin və Ərdoğanın uzun müddət sonra telefon əlaqəsi saxladığını da qeyd etmək lazımdır. Son həftələrdə Türkiyə ilə Rusiya arasında qarşılıqlı olaraq sərt bəyanatlar səslənir və ya addımlar atılırdı. Lakin bu telefon danışığı zamanı Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə olundu. Həmçinin, tərəflərin "Taxıl sazişi" ilə bağlı da müzakirə apardıqları açıqlandı.

Ümumiyyətlə, Rusiya və Türkiyə arasındakı gərginlik bitir?

Politoloq Rusif Məmmədsoy HİT.az-a açıqlamasında bildirib ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefon danışığı zamanı "Taxıl sazişi" ilə bağlı bütün məsələləri müzakirə etdilər:

331169

"Hətta həmin telefon danışığı zamanı Qarabağ ətrafında baş verən proseslərin də müzakirə predmeti olduğunu istisna etmirəm. Buna baxmayaraq, iki ölkə arasındakı münasibətlərin əvvəlki müstəviyə qayıtması bir qədər inandırıcı görünmür. Xüsusilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın "Türkiyə Suriyadan çıxmalıdır" açıqlamasından sonra bunu deyə bilmərik. Çünki əminik ki, İran və Rusiya koordinasiyalı şəkildə hərəkət edirlər. Həmçinin, onların Cənubi Qafqazla bağlı siyasətləri də eyni xətt üzrə davam edir".

Ekspert diqqətə çatdırıb ki, Kreml bütün bunların fonunda Türkiyənin NATO üzvü olduğunu da anlayır: 

"Ancaq Rusiyanın da yeganə tərəfdaş və vasitəçi kimi gördüyü məhz Türkiyədir. Ona görə ki, rəsmi Ankara Qərb və Moskva arasında müəyyən vasitəçilik missiyası həyata keçirir. Üstəlik, bunu yüksək səviyyədə bacarır. Hansı ki, bunu bacaran yeganə liderlərdən biri də Rəcəb Tayyib Ərdoğandır".

Politoloqun sözlərinə görə, Rusiya ilə Türkiyə arasındakı gərginlik bitməyə doğru gedir:

"Amma bu, hələ son deyil. Çünki müəyyən fikir ayrılıqları Qarabağ ətrafında da baş verə bilər. Xüsusilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfərində həmkarı Hakan Fidan və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı verilən mesajlar Rusiyanın maraqlarına xidmət etmir. Bununla yanaşı, Türkiyənin rus sülhməramlılarının 2025-ci ildə Qarabağdan çıxması məsələsinin yenidən qaldırılmasının da Kremli qane etmədiyini deyə bilərik. Ancaq hər halda, Rusiyanın Türkiyəyə çox böyük ehtiyacı olduğu üçün tərəflər arasındakı münasibətlərdə müəyyən tənzimləməyə gediləcək".

Pərviz

0