KİV: Ərdoğan Putinə Ukrayna məsələsində vasitəçilik təklif edəcək

DÜNYA
09:44 / 07.08.2023
415

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə avqusta planlaşdırılan görüşdə ona Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edəcək.

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, cənab Ərdoğan ümid edir ki, bu, atəşkəslə bağlı danışıqlara kömək edəcək.

“Cənab prezident münaqişənin həllində vasitəçiliyini təklif edəcək, müharibədə qaliblərin, sülh prosesində isə uduzanların olmayacağı tezisini bir daha təkrarlayacaq. Bildiyiniz kimi, Ankara dəfələrlə davamlı atəşkəsin mümkün qədər tez əldə olunmasını və danışıqlar masası arxasına əyləşməsini müdafiə edib. Biz səylərimizi davam etdiririk”, deyə adı açıqlanmayan mənbə agentliyi əmin edib.

Kreml keçən həftə Putin və Ərdoğan arasında mümkün görüşə hazırlığı təsdiqləyib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə liderlərinin görüşünün Türkiyədə keçiriləcəyini bildirib. Hələlik görüşün yeri və vaxtı razılaşdırılmayıb. Türkiyə prezidenti bunun avqustda baş tutacağını gözləyir.

Samir

0