Xəbər verdiyimiz kimi Pakistanın sabiq baş naziri İmran Xan həbs olunub.
Xan 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən ilin sonlarında isə 5 il ərzində siyasi vəzifə tutmaq hüququndan məhrum edilmişdi.
İmran Xan həbs olunacağını təxmin etdiyi üçün öncədən çəkdiyi video da yayımlanıb. O, tərəfdarlarına müraciət edərək, dinc aksiya keçirmələrini tələb edib. Həmçinin, Xanın vəkillərinin qərara etiraz edəcəkləri də açıqlanıb.
Qeyd edək ki, İmran Xan indiyə kimi bir neçə dəfə saxlanıldıqdan və haqqından ittihamlar irəli sürüldükdən sonra tərəfdarları tərəfindən geniş etiraz aksiyaları keçirilmişdi. Nəticədə, onun barəsindəki bəzi cinayət işlərinə xitam verilmiş və bir neçə dəfə də sərbəst buraxılmışdı. İmran Xan yenə tərəfdarlarını etiraza çağıraraq, yenidən buna ümid etdiyini göstərib.
Ümumiyyətlə, hazırkı proseslər növbəti dəfə İmran Xanın sərbəst buraxılması ilə nəticələnə bilər?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, istənilən ölkədə iqtidarda olan siyasi elita özündən əvvəlki hakimiyyətin imkanlarını mümkün qədər məhdudlaşdırmağa çalışır:
"Ümumiyyətlə, iqtidar və müxalifət daim rəqabətdə olur. Vaxtilə hakimiyyətdə olan müxalifət mövcud iqtidar üçün daha təhlükəlidir. Bu, təkcə Pakistan üçün spesifik deyil. Eyni halı digər ölkələrdə də müşahidə edə bilərik. Bu gün ABŞ-da keçmiş prezident Donald Trampa qarşı ittihamlar səslənir, Gürcüstanda sabiq prezident Mixail Saakaşvili həbsdədir və Ermənistanda Baş nazir Nikol Paşinyan hər fürsətdə özündən əvvəlki hakimiyyətləri günahlandırır. Yəni bu cür tendensiyalar dünyanın bütün ölkələrində baş verir və artıq siyasətdə normal qəbul olunur.
Amma bu, siyasi texnologiya hesab olunur və böyük ustalıqla həyata keçirilməlidir. Çünki müəyyən mərhələdən sonra bumeranq effekti verə bilər. Həmçinin, təzyiq göstərilən siyasi liderin tərəfdarları ayağa qalxa bilər. Bu isə daxildə katakalizmlər və qarşıdurmalar deməkdir. Artıq biz onun işartılarını Pakistanda hiss edirik".
Politoloq vurğulayıb ki, daha öncə məhz həmin işartılara görə İmran Xana qarşı bəzi cinayət işi işlərinə xitam verildi:
"Şübhəsiz ki, belə halların bundan sonra da baş verməsi istisna deyil. Hazırda İmran Xan daha çox dələduzluqda ittiham olunur. Yəni onun haqqındakı digər cinayət işlərinə xitam verilməsi mümkündür. Hətta İmran Xanın sərbəst buraxılma ehtimalının da mümkün olacağını deyə bilərik. Amma bu, o demək deyil ki, ona qarşı olan təqiblər tamamilə aradan qalxacaq. Çünki bu da artıq iqtidarın zəifliyi olar.
Suallar yarana bilər ki, İmrana Xanı sərbəst buraxaraq, ona qarşı təqibləri dayandırırdınızsa, niyə cinayət işi açmışdınız? Bax, bu, hakimiyyətin boşluğu olar. Düşünürəm ki, ehtimal olunan qarşıdurmaların qarşısını almaq üçün İmran Xan barəsindəki bəzi cinayət işlərinə xitam verilə bilər. Lakin bu, ona qarşı bütün təqiblərin aradan qaldırılmasına gətirib çıxarmayacaq".
Pərviz