Fransalı senatorlar Afrikadakı hərbi və diplomatik uğursuzluqlarını etiraf etdilər

08:42 / 08.08.2023
588

Müxtəlif siyasi qüvvələrə mənsub 94 fransız senatoru Afrikada dövlət siyasətinin iflasa uğraması ilə bağlı Fransa prezidenti Emmanuel Makrona açıq məktub göndərib.

Hit.az bu barədə “Fiqaro” qəzetinə istinadən xəbər verir.

Məktubun müəllifləri Senat sədrinin xarici əlaqələr üzrə birinci müavini Rocer Karoçi, Senatdakı “Respublikaçılar” fraksiyasının rəhbəri Bruno Retaio və Senatın Xarici İşlər və Müdafiə Komitəsinin sədri Kristian Kambondur.

Senatorların fikrincə, bir sıra Afrika ölkələri - Niger, Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso Fransanın siyasi, hərbi və iqtisadi təsirindən çıxıb.

Parlamentarilər vurğulayıblar ki, Kot-d'İvuar, Seneqal kimi rəsmi Parisə yaxın sayılan ölkələrdə Fransaya qarşı kütləvi aksiyalar keçirilir. Bundan əlavə, Paris Əlcəzair, Mərakeş və Tunislə mürəkkəb münasibətlərə malikdir.

Senatorlar qeyd ediblər ki, dünənki Fransa Afrikası hərbi Rusiya Afrikası, iqtisadi Çin Afrikası və diplomatik Amerika Afrikası ilə əvəzlənir.

Parlamentarilər Fransanın Afrikaya baxışını və onun Parislə əlaqələrini yenidən nəzərdən keçirməyin zəruriliyi ilə bağlı fikirlərini bildiriblər. Onların fikrincə, elə vaxt gəlib çatıb ki, Afrika ölkələri Fransanın roluna və onun qitədəki mövcudluğuna getdikcə daha çox meydan oxuyur.

Samir

0