Ərəb ölkəsi ABŞ-dan uzaqlaşır, Rusiya və Çinlə yaxınlaşır...

DÜNYA
11:45 / 09.08.2023
708

Son bir ildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya və Çinlə daha fəal əməkdaşlığa başlayıb və ABŞ-dan daha müstəqil siyasətə doğru irəliləyib. 

HİT.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin Fars körfəzi bürosunun rəhbəri Vivian Nereim yazır.

Xanım Nereim məqaləsində BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyanın son bir ildə iki dəfə Vladimir Putinlə görüşmək üçün Rusiyaya getdiyini, xüsusən də iyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna qatıldığını vurğulayır.

Bundan əlavə, müəllif diqqəti çəkir ki, iyulun sonunda Çin Müdafiə Nazirliyi BƏƏ ilə birgə Hərbi Hava Qüvvələrinin təlimləri elan edib. Vivian Nereimin sözlərinə görə, bu, uzun müddət Amerika qırıcılarına, silahlarına və müdafiə vasitələrinə arxalanan BƏƏ-nin mövqeyində nəzərəçarpacaq dəyişiklikdən xəbər verir.

Məqalə müəllifinin vurğuladığı bu amillər ABŞ hökumətinin mühüm strateji tərəfdaş hesab etdiyi BƏƏ rəhbərinin getdikcə daha çox “öz yolu ilə getdiyini” göstərir. Məqalədə həmçinin qeyd edilir ki, ABŞ rəsmiləri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı hərbi əməliyyatlar başlayandan sonra “Rusiyanı təcrid etmək” baxımından Amerikanın xarici siyasətini dəstəkləməyə inandıra bilməyiblər. 

Bununla belə, Vaşinqtonla münasibətlər BƏƏ üçün hələ də vacibdir və Əmirliyin biznes və turizm mərkəzi statusu regiondakı təhlükəsizlik vəziyyətindən asılıdır. Əbu-Dabinin prioriteti Yaxın Şərqdə “ABŞ-ın az deyil, daha çox marağını təmin etməkdir”. Lakin qəzet yazır ki, tədricən ABŞ-ın BƏƏ-də təsiri azalmağa başlayır. Səudiyyə Ərəbistanı sonradan oxşar strategiyanı qəbul edib.

Samir

0