Zelenski Krımı geri ala bilər? - ŞƏRH

DÜNYA
14:05 / 09.08.2023
1009

Ukrayna Krımı geri almaq üçün çalışmalara start verib.

Bunu son zamanlardakı hücumlardan da aydın görmək mümkündür. Belə ki, Ukrayna ordusu Krımı və onun ətrafını hədəf almağa başlayıb. Rəsmi Kiyev bununla da ehtimal olunan Krım əməliyyatının ilk siqnallarını verməyə çalışır. Ukrayna Prezidenti Volodmir Zelenski də hər fürsətdə Krımın işğaldan azad olunacağını və bu istiqamətdə addımların atılacağını bildirir.

Maraqlıdır, bu müharibə Krımın işğaldan azad olunması ilə yekunlaşa bilər?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, Ukraynanın əks-hücum planı hələ ki, tam icra olunmur:

331609

"Ukraynanın qarşısında ciddi problemlər və maneələr var. Rusiya ordusu son 1 il ərzində dərin eşalonlu istehkamlar hazırlayıb. Ukrayna Krımı işğaldan azad etmək üçün Krım və işğal altındakı Donbas arasındakı dəhlizi yarmalıdır. Çünki Rusiya bu müharibə nəticəsində Donbas və Krımı birləşdirib. Hətta Qara Dəniz sahilləri ilə yanaşı, Melitopol və digər şəhərləri də işğal edib".

Politoloq vurğulayıb ki, Krım əməliyyatının uğurlu keçməsi üçün öncə Donbas və Krım arasındakı işğal olunmuş ərazilər azad olunmalıdır:
"Bu iki işğal olunmuş ərazi lokallaşmalı və aralarında quru əlaqəsi olmamalıdır. Çünki əsas təchizat da məhz quru yolu ilə gəlir. Yəni Rus ordusu Krımın təchizatının böyük bir qismini bu şəkildə təmin edir".

Rizvan Hüseynov qeyd edib ki, başda ABŞ olmaqla, Qərb Ukraynaya lazımi silah-sursatı həddindən artıq ləng şəkildə verir:

"Bu məsələlər uzandığı üçün Ukraynanın da əks-hücum planı gecikir. Əslində, bunun üçün ən münbit vaxt indidir. Düşünürəm ki, Ukrayna payızın ortalarına kimi nə isə edə bilər. Ondan sonra isə hava şəraitini nəzərə alaraq, əsas ağır döyüşlərin qışa kimi müvəqqəti dayana biləcəyini demək mümkündür. 

Bu baxımdan, hələlik Krımın azad olunması bir az müəmmalı görünür. Ukrayna xalqı və ordusu bütün bu müharibə müddətində möcüzələr göstərir. Ümid edirik ki, bu dəfə də gözlənilməz bir möcüzə, təpki, eləcə də hərbi taktika və strategiya nəticəsində Ukrayna Krımı və digər ərazilərini işğaldan azad edə biləcək".

Pərviz

0