Polşa Belarusla sərhəddəki ordunun sayını 10 minə çatdıracaq

DÜNYA
13:34 / 10.08.2023
755

Polşa yaxın gələcəkdə Belarusla sərhəddəki hərbi qrupların sayını 10 min nəfərə çatdıracaq.

HİT.az xəbər verir ki, bu barədə Polşa radiosunun efirində ölkənin milli müdafiə naziri Mariuş Blaşçak bildirib.

“4000 əsgər birbaşa dövlət sərhədində təhlükəsizliyi dəstəkləyəcək, daha 6000 əsgər isə ona bitişik rayonlarda yerləşdiriləcək”, deyə müdafiə naziri bildirib.

Mariuş Blaşçakın sözlərinə görə, bu gün Polşa ordusu müasir texnika ilə fəal şəkildə silahlanıb və inkişaf edir. Nazir hesab edir ki, iki ildən sonra Polşa Avropanın ən güclü ordusuna sahib olacaq. Polşa silahlı qüvvələrinin sayı, onun hesablamalarına görə, artıq 170 min nəfərdir.

Polşa daha əvvəl Belarusla sərhəddə təhlükəsizliyin gücləndirildiyini, həmçinin qonşu dövlətdə "Vagner" silahlılarının olması fonunda 2 min hərbçinin sərhəd bölgələrinə köçürüldüyünü açıqlamışdı. Avqustun 11-dən Latviya da Belarusla sərhəddə gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edəcək. Litva “Vaqner"in ölkədə olması səbəbindən Belarusla sərhəddə bir neçə keçid məntəqəsinin bağlanmasına icazə verib.

Samir

0